Elm Tarixi İnstitutunda “28 May – Respublika Günü”nə həsr olunmuş onlayn müzakirə keçirilib

27.05.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə 26 may 2021-ci il tarixində “28 May – Respublika Günü”nə həsr olunmuş “Mövcud beynəlxalq şəraitdə Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda tədbir keçirilib.
Onlayn müzakirə formatında keçirilən tədbirdə Elm Tarixi İnstitutunun əməkdaşları, ATMU-nun Beynəlxalq münasibətlər kafedrasının professor-müəllim heyəti və Sosial menecment fakültəsinin tələbələri iştirak edib.
ATMU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri,  dosent Cənnətxan Eyvazov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın mövcud beynəlxalq şəraitdə xarici siyasətinin əsas istiqamətlərindən danışıb.
Elm Tarixi İnstitutunun  elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Azərbaycanın müasir xarici siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında 44 günlük Vətən müharibəsindən sonra yaranmış beynəlxalq şərait, Azərbaycanın mövcud xarici siyasət gündəmi və onun reallaşdırılması imkanlarından söz açıb.
ETİ-nin digər əməkdaşları, şöbə müdirləri – tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə beynəlxalq vəziyyət və dövlətimizin həmin dövrdə formalaşan xarici siyasəti barədə danışıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35