ETİ-nin Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı Elxan Quliyev elmi seminarda iştirak edib

01.06.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı, elmi işçi Elxan Quliyev 21 may 2021-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığıyla  “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda keçirilmiş onlayn elmi seminarda” iştirak edib.

Gənc alim seminar iştirakçılarının mühakiməsinə “Nizami Gəncəvinin irfani və dini-əxlaqi baxişları” adlı məruzəsini təqdim edib. Elxan Quliyev çıxışında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sində əks olunan irfani və dini-əxlaqi görüşlərindən, “Qurani-Kərim” ayələri və müxtəlif dini rəvayətlərdən qaynaqlanan mənəvi-nurani düşüncələri haqqında danışıb. Qeyd olunub ki, “saraylara doğru yönəlməyən Nizaminin farsca və türkcə şeirlərində insansevərlik, bəşəri arzular və nəcib duyğular oxucunu valeh edir. Nizaminin ləqəblərindən biri də Şeyx Nizamidir. Belə ki, Qızıl Arslan onu məclisinə çağıranda Nizami gəlir deyə, içki və sağərlərin (qədəh) ortadan götürülməsini əmr edirdi. Bu, Nizaminin islam dininə dərin etiqadını göstərir”.

Seminarda Aİİ-ni, AMEA-nın müxtəlif institutlarını və digər elmi müəssisələri təmsil edən alimlər fərqli mövzularda məruzələr təqdim ediblər.

Seminarın sonunda fəal iştiraka görə Elxan Quliyevə təşkilatçı qurumun rəhbərliyi adından sertifikat təqdim olunub.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35