ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyevin İranın “Azərbaycan Araşdırmaları” jurnalında yeni məqaləsi dərc olunub

16.09.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin Təbrizin “Azərbaycan Araşdırmaları” jurnalının 3-cü sayında yeni məqaləsi nəşr olunub.


“Orta əsrlərə dair qaynaqlarda Azərbaycan, İran və onlarin əhalisi”  adlı məqalədə Azərbaycan və İran adlarının ilkin qaynaqlarda işlədilməsi və coğrafiyanın dəqiq göstərilməsi məsələləri, Azərbaycanda və İranda yaşayan əhali və onun dili haqqında məlumatlar əks olunub. Müəllif, bu mövzuda indiyə qədər irəli sürülən mövcud klassik tezislərdən fərqli olaraq məqalədə İran adlanan coğrafi ərazinin Dərbənddən Fars körfəzinə qədər əhatə etmədiyini və Azərbaycanın onun bir vilayəti deyil, əksinə İran və Azərbaycanın ayrı-ayrı coğrafi vahidlər olduğu fikrini irəli sürür və əsaslandırır.

Qeyd edək ki, “Azərbaycan Araşdırmaları” jurnalı İranın Təbriz şəhərində iki dildə - Azərbaycan və fars dillərində yayımlanır.


Məqalə: ORTA ƏSRLƏRƏ DAİR QAYNAQLARDA AZƏRBAYCAN, İRAN VƏ ONLARIN ƏHALİSİ

GİRİŞ:Azərbaycanla bağlı məlumat verən xarici tarixşünaslıq  əsərlərində bir çox məsələlərin təsvirinin izaha ehtiyacı vardır. Bu qəbildən olan əsərlərdə bir çox məsələlər isə ümumiyyətlə qeyri-obyektiv formada əks olunmuşdur. Bəzi yerli tarixçilər və xarici tarixçilərin əksəriyyəti, bu dövrü araşdırarkən “Azərbaycan” adını bir coğrafi vahid kimi görməzdən gələrək bu əraziləri İran ərazisi kimi, yaxud ən yaxşı halda köhnəlmiş bir tarixi termin olan Persiya kimi göstərmiş, Azərbaycana məxsus olan mədəniyyət nümunələrinin və tarixi şəxsiyyətlərin fars və ya ərəb, bəzən də kürd və ya erməni mədəniyyətinin bir parçası kimi təqdim etmişdilər. Xarici tarixçilərin Azərbaycana məxsus maddi-mədəniyyət irsinin, tarixi şəxsiyyətlərin,  şəhərlərin belə müxtəlif adlarla göstərməsi iki yanaşmadan irəli gəlir. Bunlardan birincisi linqvistik, ikincisi isə müasir-geosiyasi kontekstində yanaşmadır.


1. XARİCİ TARİXŞÜNASLIĞIN LİNQVİSTİK YANAŞMASI

Hər hansı bir əsərin hansısa bir dildə yazılması müəllifin həmin dildə danışa xalqa məxsus olması fikri tamamən əsassızdır. Hər kəsə məlumdur ki, Avropada elm dili latın dili olduğu kimi, Yaxın və Orta Şərqdə, Azərbaycanda həmin dövrün elm dili ərəb dili idi və həm Nəsirəddin Tusi, həm də Səfiəddin Urməvi, eləcə də digər mədəniyyət xadimləri də daxil olmaqla Azərbaycanda və digər İslam ölkələrində fəaliyyət göstərən alimlər də əsərlərinin çoxunu bu dildə yazmışdılar. Böyük təbib, Türk alim İbn Sina  da özünün məşhur “Əl-qanun fit-tibb” əsərini ərəb dilində yazmışdır İlkin tarixi qaynaqlara əsasən demək mümkündür ki, İbn Sina Buxara şəhəri yaxınlığında, kiçik bir kənddə anadan olmuşdur (Corbin H. History of Islamic Philosophy, s. 167–175). Buxaranın bir Türk şəhəri olması da hər kəsə məlumdur. Böyük ensiklopedik alimin öz məşhur əsərini ərəb dilində yazması onun ərəb olması demək deyildir və bu cür fikirlər irəli sürməyin özü reallıqdan uzaqdır.

Linqvistik yanaşmanın digər bir forması isə dövləti idarə edən hökmdarlar və onların nəsillərinin onların dövlətləri ilə eyni etnik mənsubiyyətə aid edilməsidir. Vladimir Minorski Şəddadilər tarixindən bəhs edərkən mövcud nəslin kürd olması səbəbi ilə dövləti də kürd dövləti kimi adlandırır (Studies in Caucasian History, s. 33).  Alimin digər bir əsərində isə Şirvanşahlıq ərəb əsilli sülalə tərəfindən idarə olunduğuna görə ərəb adlandırılmır (Minorsky V. A History of Sharvan and Darband).  Müəllifin iki əsəri arasında ziddiyyətli fikirlər onu deməyə əsas verir ki, bir sülalənin etnik kimliyinin bir dövlətə aid etmək heç bir istiqamətdən akademik hesab oluna bilməz.

M. P. Saykesin ümumi redaktorluğu ilə hazırlanan "A history of Persia" adlı tədqiqat əsərində də məsələyə dilçilik kontekstindən yanaşılır və digər mütəfəkkirlər ilə birlikdə Mövlana Cəlaləddin Rumi və Nizami Gəncəvi kimi şairlər türk olmalarına baxmayaraq “fars şairi” kimi göstərilir (1, s. 225-226)  Halbuki, bu iki mütəfəkkir də formalaşmış ənənələrə əsasən fars dilində yazsalar da onların fars şairi olmadığı dünyanın bir çox alimləri tərəfindən qəbul edilir . Öz araşdırmalarında qismən də olsa tarixə linqvistik və geosiyasi istiqamətdən yanaşmayan və obyektivliyini qoruyub saxlayan C. E. Bosfort məlumat verir ki, Məmlüklər Türk idilər və Misirdə hakimiyyəti ələ almışdılar (The Cambridge History of Iran. Volume 5., s. 577). Lakin, bu o demək deyil ki, Misir bir Türk dövləti idi. Belə halda Nizami Gəncəvini kürd və ya fars kimi göstərmək heç bir məntiqə sığmır. “The Cambridge History of Iran” əsərinin V cildinin  ədəbiyyat və şerə aid olan hissəsində ayrıca bir formada – “Azərbaycan məktəbi” başlığına rast gəlinir. Kitabın eyni hissəsində ayrıca, Nizami Gəncəvinin Azərbaycan şairi olduğu da vurğulanmaqdadır (The Cambridge History of Iran. Volume 5., s. 568-584).


2. XARICI TARIXŞÜNASLIĞIN GEOSIYASI YANAŞMASI

Azərbaycan tarixinə dair araşdırma aparan digər qisim tarixçilərin bir qismi də məsələyə geosiyasi kontekstdən yanaşırlar. Bu tarixçilər ya Antik ədəbiyyatlarda əks olunan “Persiya” kəlməsindən istifadə edirlər, ya da ki, hadisələrə müasir İran İslam Respublikasının sərhədləri çərçivəsində nəzər yetirir və “İran” terminindən istifadə edirlər. Heç şübhəsiz ki, məqsədimiz əziz qonşumuz İranın sərhədlərinə şəkk gətirmək deyil. Bizim qayəmiz qədim zamanlardan bəhs edərkən həmin dövrün sərhədləri çərçivəsində yanaşmanı arzulamaqdır. Eyni zamanda miladdan öncə istifadə olunmuş və öz siyasi əhəmiyyətini itirmiş bir terminin Orta əsrlərdə istifadə olunmasının heç bir elmi əhəmiyyət kəsb etməməsinin tərəfdarıyıq. Həm müasir dövr sərhədləri çərçivəsində, həm də qədim dövr terminologiyası ilə Orta Əsrlərdə baş vermiş bir tarixi hadisə haqqında tam coğrafi təsəvvür yaratmaq mümkün deyil. Belə olan təqdirdə tarixi Azərbaycan torpaqlarında yaranmış dövlətlər başqa bir coğrafi areala aid kimi göstərilir, Azərbaycan siyasi və mədəniyyət xadimləri isə başqa millətə məxsus olurmuş kimi təsəvvür yaradılır, yəni, onlar fars mədəniyyətinin bir parçası kimi göstərilirlər. İngilis dilində istifadə olunan “Persia” kəlməsi istənilən dilə ingilis dilindəki mənası ilə “fars” kimi tərcümə olunur, eyni zamanda İran və ya iranlı mənalarını da ifadə edir. Misal üçün  C. Mace fars dilinin qrammatikasına həsr etdiyi kitabını “Persian Grammar”, yəni “Fars dilinin qrammatikası” adlandırır (Mace J. Persian grammar). Demək ki, tarixçilərin coğrafi ərazini ifadə etmək üçün işlətdikləri “Persiya” termini daha çox bir xalqın kimliyini ifadə edir. Kembric universiteti tərəfindən nəşr olunan "The Cambridge History of Iran" kitabında isə məsələyə müasir-geosiyasi kontekstindən yanaşılır ki, bu da Avropalı elm adamlarının aldıqları antik coğrafi məlumatlar ilə formalaşan təfəkkürə söykənir (The Cambridge History of Iran. Volume 5., s. 577).

Xarici tarixçi alimlər və orta əsr səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları "Persiya" (fars) adlandırırlar. Araşdırmalarda və səyahətnamələrdə istifadə olunan və demək olar ki, eyni mənanı ifadə edən bu iki sözdən birincisi Persiya m. ö. II minilliyin sonu – I minilliyin əvvəllərindən – ari tayfalarının Parsamuş ərazisində məskunlaşdığı dövrdən etibarən işlənmişdir. Əhəməni imperiyası yarandıqdan sonra “fars” anlayışı yalnız bir etnik toplumu deyil, bütün imperiyanı əhatə etdi və bu ad coğrafi məna kəsb edərək yunan tarixi-coğrafi ədəbiyyatına düşmüş oldu. Həqiqətən də antik Yunan və Roma coğrafiyaçıları. Kiçik Anadolu yarımadasından Qara dənizə, oradan da Xəzər dənizin şimalına, şərqdə Hindistana cənubda isə indiki İran körfəzinə qədər böyük bir ərazini Persiya adlandırmışlar. Strabonun “Coğrafiya” əsərinin  ingiliscə və yunanca olmaq üzrə birlikdə ən mükəmməl nəşrində də həm ilk səhifədə əks olunan xəritədə, eyni zamanda Persiya (Əhəmənilər imperiyası) haqqında verilən məlumatda rast gəlmək mümkündür və yuxarıda qeyd etdiyimiz sərhədləri göstərməkdədir (The Geography of Strabo, s. 101).  Tarixin atası adlandırılan Herodot isə öz əsərində dəfələrlə Persiya adını çəksə də oranın sərhədi haqqında heç bir məlumat vermir (Herodotus History with an English translation). Klavdi Ptolomey isə öz əsərinə Persiya haqqında məlumat versə də Albaniyaya məxsus şəhərlərin də adını çəkir (Ptolemy’s Geography, s. 109, 150).  Bu fikri təsdiqləyən tarixçi alim D. Morqan da bildirməkdədir ki, Avropa alimləri tərəfindən istifadə olunan “Persiya” anlayışı antik yunan tarixi ədəbiyyatlarında Əhəməni dövlətini ifadə etmək üçün istifadə olunan latın mənşəli “La Persia” coğrafi adından meydana gəlmişdir. Tarixçi həmçinin bildirir ki, “Persiya” ifadəsi sadəcə müasir İran ərazisini əhatə etmir. Onun fikirlərinə görə kitabda işlədilən “Persiya” anlayışı müasir Türkiyənin qərb qismini, keçmiş Sovetlər Birliyinin cənub hissəsini, Əfqanıstanı və müasir İran İslam Respublikasını əhatə edir (Morgan D. O. Medieval Persia, s. 1-2). Bu fikri nə dərəcə doğru hesab etmək olar və bu fikir nə dərəcə elmi baxımdan daha çox peşəkarlıqdır, düşnüməmək insanın əlində deyil.


3. İRAN VƏ AZƏRBAYCAN İLKİN QAYNAQLARDA

İlkin mənbələrə nəzər saldıqda isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşırıq. Azərbaycan tarixinin X-XII əsrlər tarixini öyrənmək üçün ən çox istifadə olunan qaynaq Səlcuqnamələrdir. Əhməd bin Mahmudun müəllifi olduğu Səlcuqnamədə İran kəlməsinə heç bir yerdə rast gəlinmədiyi halda Azərbaycan adına, eləcə də Şəki və digər şəhərlərin adına dəfələrlə rast gəlinir. İranı təsvir etmək üçün ərəb tarixçiliyində daha geniş yayılmış əcəm terminindən istifadə edir (Ahmed bin Mahmud. Selçukname, c. 1, s. 26, 77).  Səlcuqnamədə antik müəlliflərin, onların davamçılarının Persiya adlandırdıqları ərazi, hissələrə bölünərək dövrün coğrafi bölgüsünə uyğun formada, aşağıdakı kimi göstərilir. “Sultan Səncər bir çox məmləkətin Sultanı idi. Nihavənd, İraq, Səmərqənd, Xorasan, Təbəristan, Kirman, Sistan, İsfahan, Həmədan, Rey, Azərbaycan, Ərməniyyə, Arran...” (Ahmed bin Mahmud. Selçukname, c.2, s. 48)   Əsərin bir çox yerində işlədilən Azərbaycan kəlməsi həm ərazi kimi, həm bölgə kimi, həm də əmirlik kimi verilmişdir. XI-XIV əsrləri əhatə edən İbn Bibinin “Səlcuqnamə” əsərinə diqqət yetirdikdə görmək mümkündür ki, İraqın adı coğrafi termin kimi bir neçə dəfə çəkildiyi halda (Ibn Bibinin muhtasar Selçuknamesi, s. 185, 215)  İranın adı heç bir formada çəkilmir. Həmin əsərdə Azərbaycan kəlməsi coğrafi ərazini təsvir etmək üçün dəfələrlə istifadə olunmuşdur (Ibn Bibinin muhtasar Selçuknamesi, s. 265) . İran adı heç Nizamülmülkün “Siyasətnamə” əsərində də çəkilmir. Lakin, Azərbaycan adı əsərdə həm coğrafi mənada, həm də əmirlik kimi dəfələrlə çəkilməkdədir. Müəllif Məzdəkilər hərəkatından söhbət açarkən Azərbaycanın bu hərəkatın əsas mərkəzlərindən biri olduğu fikrinin yaranmasına səbəb olan məlumatlar verir (Nizamü`l-Mülk. Siyaset-name, s. 29-32). Belə qənaətə gəlmək olar ki, İran məfhumu Əhəmənilərin əhatə etdiyi ərazini əhatə etmirdi. İran məfhumuna bəzən İranşəhr kimi rast gəlinir. Bu fikrimizi ərəbdilli bir qaynaq sübut etməkdədir. Sefiyyü`d-dîn Abdü`l-mü`min b. Abdü`l-hakk el-Bağdâdî adlı ərəb müəllif özünü Yaqut əl-Həməvinin əsərinin qısaldılmış variantı adlandırdığı  “Merasidü`l-Ittıla` Alâ Esmâi`l-Emkine ve`l-Bikâ” adlı əsərinin ilk cildində məlumat verir ki, İran və ya İranşəhr İraq, Fars, Əl-Cibal və Xorasanı bir araya gətirən bölgənin adıdır.(Merasidü`l-Ittıla` Alâ Esmâi`l-Emkine ve`l-Bikâ, “İranşehr” addəsi). Bütün bunlara rəğmən əsərlərin müasir çaplarında ön söz və şərhlərdə İran məfhumu varmış kimi fikirlər yer almaqdadır. Məsələn XIII-XV əsr farsdilli unikal mənbələrdən biri olan Ata Məlik Cüveyninin “Tarixi-cahanquşa” əsərini heç bir yerində İran kəlməsi keçmədiyi halda əsəri Türk dilinə çevirən M. Öztürk Ön sözdə, əsər və onun müəllifi haqqında məlumat verərkən və şərhlərdə dəfələrlə İran kəlməsindən istifadə edərək, məsələyə müasir sərhədlər çərçivəsindən yanaşdığını  göstərməkdədir. Tərcüməçi Əsərin daxilində heç keçməyən İran kəlməsinə geniş yer ayırarkən, əsərin içində dəfələrlə istifadə olunan və coğrafi ərazi mənasını ifadə edən Azərbaycan kəlməsini istifadə etməkdən çəkinmişdir. Halbuki, əsərin ingiliscə nəşrində obyektiv davranılmış və müxtəlif mənaları ifadə etmək üçün Azərbaycan adı 16 yerdə (Juvaini Ata Malik. The History of the World Conqueror, s. 250, 257, 308, 366, 424, 455, 501, 507, 508, 511, 518, 512, 597, 683, 701, 702)  işlədilmişdir. “Tarixi-cahanquşa” əsərinin farsca Məhəmməd Qəzvini nəşrində isə İran kəlməsi (23 dəfə) Azərbaycan kəlməsindən (8 dəfə) daha çox istifadə olunub (Cuveyni. Tarix-e Cahanquşa (farsca), s. 993-994 ). 

Dövrün əsas qaynaqlarından biri olan İbnül İbrinin “Əl-müxtəsər fid-düvəl” əsərinin türk dilindəki tərcüməsində də 5-ci və 6-ci xanədanlıqlar iranlıların yaratdığı xanədanlıqlar kimi göstərilmişdir (Abul- Farac Tarihi. Cilt I- II.). Halbuki, əsərin ingiliscə çapında bu xanədanlıqlar orijinalına uyğun şəkildə Midiya və Fars xanədanlığı kimi verilmişdir (Bar Hebraeus' Chronography). Lakin, əsərin istənilən tərcüməsində 9-cu və 10-cu xanədanlıq kimi təsvir olunan Ərəb Xilafəti və Moğollardan məlumat verilərkən İran coğrafi adına rast gəlinmir.

Moğol dövrünün ən böyük əsəri, ilk ümumdünya tarixi hesab olunan “Cameüt-təvarix” əsərində də demək olar ki, yüz dəfələrlə Azərbaycan adı keçməkdədir. Eyni zamanda əsərdə Fars kəlməsi ilə bərabər İran kəlməsi bir neçə dəfə istifadə olunmuşdur. Fəzlullah Rəşidəddin “Cameüt-təvarix” əsərinin “Tarixi-mübarəki-Qazan” cildində Hülakü xanın beşinci oğlu olan Tugay haqqında məlumat verərkən bildirir ki, o, İran səfəri zamanı ildırım vurmasından dünyasını dəyişmişdir (Rəşidəddin. Cameüt-təvarix (farsca), s 670).  Və ya Münkə xaqan Hülakü xanı İrana başçı təyin edir və ora göndərir (Rəşidəddin. Cameüt-təvarix (farsca), s. 675).  Əsərin farsca iki mühüm nəşrləri olan Behman Kərimi və Məhəmməd Rövşən-Mustafa Musavi nəşrlərinin heç biri tam və kamil deyil, eyni zamanda hər iki nəşrdə çatışmamazlıqlar var. Təəssüf ki, əsərin ilkin əlyazmasına baxma imkanımız yoxdur və beləcə İran adının ilkin nüsxədə necə işləndiyi haqqında fikir irəli sürmək mümkün deyil. Burada bəhs olunan İran əl-Bağdadinin təsvir etdiyi İraqdan Xorasana qədər olan İran və ya İranşəhrir.

Əmir Teymurun fəthləri haqqında ən unikal qaynaq olan Nizaməddin Şaminin “Zəfərnamə” əsərində Azərbaycan (Nizamüddin Şami. Zefername, s. 249)  və İran (Nizamüddin Şami. Zefername, s. 254)   məmləkətləri olaraq ayrıca göstərilmişdir. Əsərə diqqət yetirərkən tarixi coğrafiyanı dəqiq müəyyən etmək mümkün olmasa da burada yerləşən şəhərlərin adlarına diqqət yetirərək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan elə öz tarixi ərazilərini, İran isə farsların yaşadığı əraziləri göstərmək üçün istifadə olunub. Müəllif əraziləri olduqca dəqiq verərək bəzən İran vilayətləri yerinə Fars vilayəti ifadəsindən də istifadə etmişdir (Nizamüddin Şami. Zefername,  s. 153-158). Yuxarıda bəhs etdiyimiz Əl-Bağdadinin fikrini bu əsər də təsdiqləmiş olur. Ağqoyunlu tarixinin öyrənilməsi üçün ən əsas tarixi qaynaq hesab olunan Əbu Bəkr Tihraninin “Kitabi-Diyarbəkriyyə” əsərində də İran coğrafi ərazi kimi və ya siyasi mənada işlədilmir (22).  Lakin, əsəri Türk dilinə çevirən M. Öztürk bütün şərh və izahlarda fars yerinə də, İran İslam Respublikası yerinə də İran kəlməsindən istifadə etməyi üstün tutmuşdur. Zənnimizcə ən çox təhriflərə məruz qalan əsər Həmdullah Mustoufi Qəzvininin “Tarixi-qozide” əsəridir. Əsərin həm təshih olunmuş farsca Əbdülhəsən Nəvahi nəşri , həmdə Türk dilinə tərcümə olunan Mürsəl Öztürk nəşrində xeyli sayda təhriflərə yol verilmişdir. Əsərdə göstərilir ki, Abaqa xan zamanında Bərkay xan intiqam üçün İrana yönəldi, Kür çayı qırağında xanın qardaşı Yəşmuta çatdı. Əminik ki, Həmdullah Mustovfi Qəzvini Kür çayı ətrafını İran adlandırsın. Bu Arran /Aran adı da ola bilər. Bu iki ad bir birinə çox bənzəyir.

Səfəvilər İmperiyası tarixinə dair ilkin qaynaqlarda onların Türk əsilli olması və Azərbaycanda dövlət yaratması haqqında məlumatlar kifayət qədərdir. Görkəmli səfəvişünas Azərbaycan alimi Zabil Bayramlı Şeyx Hüseyn bin Şeyx Abdal Zahidinin “Silsilətün-nəsəbi Səfəviyyə” əsərinin tədqiqinə həsr etdiyi monoqrafiyada Təvəkkül bin Bəzzaz əl-Ərdəbilinin “Səfvətüs-səfa” əsəri daxil olmaqla bir çox ilkin qaynaqlardan istifadə edərək Səfəvilərin etnik kimliyinə aydınlıq gətirmişdir. O bildirmişdir ki, indiyə qədər tarixşünaslıqda Səfəvilərin fars, kürd və ya ərəb mənşəli olması haqqındakı fikirləri tamamilə əsassızdır (Bayramlı Z. H. “Silsilətün-nəsəbi Səfəviyyə” əsəri Azərbaycan tarixinin mənbəyi kimi.).  Müəllif “Azərbaycan  Səfəvi  dövlətinin  quruluşu və idarə olunmasında  türk qızılbaş əyanlarının rolu” adlı digər bir əsərində Məhəmməd Yusif Qəzviniyə istinadən yazır: “Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi” (Bayramlı  Z. H. Azərbaycan  Səfəvi  dövlətinin  quruluşu və idarə olunmasında  türk qızılbaş əyanlarının rolu., s. 31)  Əlavə şərhə ehtiyac olmayan bu parçadan aydın olur ki, Səfəvilər hansı coğrafi ərazidə yaranmışdır və nə dərəcədə doğrudur ki, bu dövləti İran dövləti kimi göstərilsin.


4. ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN VƏ FARS COĞRAFIYASI

İlk öncə onu vurğulamaq zəruridir ki, Azərbaycanın tarixi ərazisi haqqında məlumat verərkən Ermənistan Respublikası xaric, heç bir qonşu ölkəyə, xüsusilə də İran İslam Respublikasına ərazi iddiası irəli sürmək fikrində deyilik. Yeganə istəyimiz Azərbaycanın tarixi-coğrafi ərazisi haqqında doğru, dürüst fikir formalaşdırmaqdan ibarətdir. Tədqiqatda istifadə olunan “İran” “Fars” və “Azərbaycan” tarixi-coğrafi anlayışları tarixi səciyyə daşıyır. Problemin daha aydın anlaşılması üçün sözü gedən ifadələrin, ilkin qaynaqlara əsasən hansı coğrafi əraziləri əhatə etməsi və onların xüsusiyyətləri haqqında məlumatlara yer ayırmağın vacib və əhəmiyyətli olduğunun qənaətindəyik. 

Xarici tarixçilərin əsərlərində bəzən “İran”, bəzən də "Persiya" kimi işlədilən ifadələr orta əsrlər tarix-coğrafi ədəbiyyatlarında "əcəm" (عجم) formasında istifadə edildiyini müşahidə etmək mümkündür. Xarici tarixşünaslar ərəb və fars dilindən tərcümə etdikləri zaman orijinalda "əcəm"  kimi işlədilən tarixi-coğrafi termini "Persiya" və ya "İran" olaraq tərcümə etmişlər. Elə isə, "əcəm" sözü nə anlamı ifadə edir? Azərbaycan dilinin izahlı lüğətində göstərilir ki, "əcəm" sözü ərəb dilində ərəb olmayan xalqlarını adlandırmaq üçün istifadə edilirdi. Ayrıca bu sözün "xarici" və "ərəb dilini anlamayan" mənaları da vardır. XV - XVI əsrlərdə isə bu söz yalnız İran və Azərbaycan ərazilərini ifadə etmirdi, eyni zamanda Xorasan və Türküstan bölgələrini də ifadə etmək üçün bu söz istifadə edilirdi (Azərbaycan dilinin izahlı lüğəti, s. s. 57).  X əsr ərəb coğrafiyaçısı Əl-Müqəddəsi özünün “Əhsənüt-təqsim” əsərini iki böyük hissəyə ayırır. Birinci hissə ərəb coğrafiyasına, ikinci hissə isə qeyrı-ərəb coğrafiyasının təsvirinə həsr olunmuşdur. İkinci hissə “Əcəm torpaqları” adlandırılır. Bu ərazilər aşağıdakı bölgələrə ayrılır: Məşriq, Deyləm, Rəhab, Cibal, Xuzistan, Fars, Kirman (el-Mukaddesi. Ahsenüt-taksim, s. 6) . Göründüyü kimi “əcəm” sözünü bəzi ədəbiyyatlardakı kimi “İran” formasında deyil və “Persiya” kimi tərcümə etmək də yolverilməzdir. Bu kimi misallar ərəb qaynaqlarında çoxdur və bəzilərinə yeri gəldikcə araşdırmada müraciət olunub. Əl-İstəxri “Məsalükül-məmalik” əsərində İran adını çəkməyərək sadəcə Fars əyalətinin sərhədini göstərmişdir. Əsərə görə söyləmək mümkündür ki, Fars əyalətinin şərqində Kirman, qərbində isə Xuzistan və İsfahan yerləşir. Mərkəzi Şiraz olan bu əyalətin cənub sərhədi Fars (Fars körfəzi) dənizidir. Bundan başqa əsərdə Fars əyalətinə məxsus Siraf və İstəxr şəhərləri də göstərilmişdir (İstahri. Ülkelerin yolları, s. s. 105-16). ” Hüdudül-aləm”də Fars əyalətinin sərhədləri və şəhərləri daha dəqiq verilmişdir. Əl-İstəxridən  fərqli olaraq bu əsərdə bu vilayətin şimal sərhədi haqqında dəqiq məlumat var və bura Fars səhrasıdır. Bu əsərdə də Şiraz və İstəxr (Hudud al-Alam, s. 126)  şəhərləri Fars əyalətinin ən iri şəhərləri hesab olunur. Əbül Fida “Təqvimül-buldən” adlı əsərində digərləri kimi Xuzistan, Xorasan, İsfahan və Həmədanı Fars əyalətinə daxil etmir. Fars əyalətinin ən şimal şəhərinin Rey olduğu haqqında məlumat verən müəllif buranın mərkəzi şəhərinin Şiraz olduğunu xatırladır (Ebü`l-Fida. Coğrafiyası, s. 264).  Fars əyaləti haqqında məlumatlara diqqət yetirdikdə aydın olur ki, ərəb qaynaqlarında bu əyalət haqqında ziddiyyətli heç bir məlumat mövcud deyil. Onu da anlamaq mümkündür ki, Fars əyalətinin ərazisi, xarici tarixşünaslığın göstərdiyi İran və ya Persiya sərhədlərini əhatə etmir. Həmçinin “əcəm” adlanan coğrafi anlayış nə İranı (Persiyanı), nə də Fars əyalətini əhatə etmir. 

“Azərbaycan” ifadəsi coğrafi ərazi kimi ilk dəfə Dərbənd səddinin divarlarında işlədilmişdir. Sasani dövrünə aid olan pəhləvi dilində yazılmış kitabədə deyilir ki; “Bura və burdan aşağılar Adurbadaqan/Azərbaycandır.” (Dərbənd divarlar. Daş plitə. № 182-183)  Bu kitabənin Sasani dövlətinin məşhur hökmdarı Xosrov Ənuşiravan zamanına aid olduğunu söyləmək mümkündür (Əliyarlı S. S. Tariximiz. Açıqlanmamış mövzuları ilə, s. 115).  Daha sonra bu coğrafi ada ərəb qaynaqlarında daha çox rast gəlinir. Əl-Müqəddəsi Azərbaycan və Ərməniyyə ərazilərinə ortaq bir ad tapmadığı üçün buranı bolluq və bərəkət mənasını ifadə edən “Rəhab” adlandırır. Müəllif “Rəhab” bölgəsini üç əraziyə ayırır. Azərbaycan, Arran və Ərməniyyə. Ərəb mənbələrinin bir çoxunda Azərbaycan və Arran ayrı-ayrı göstərilsə də, xüsusilə tarixi əsərlər yazan müəlliflərin əksəriyyəti Arranı Azərbaycanın bir hissəsi kimi öz əsərinə daxil etmişdir. Əl-Müqəddəsiyə görə Arran iki çayın – Samur və Araz çaylarının arasındakı əraziləri əhatə edir. Mərkəzi Bərdə olan Arrana Tiflis, Hunan (indiki Qazax), Şəmkir, Gəncə, Beric(?), Şamaxı, Şirvan, Bak, Şabran, Babül-əbvab (Dərbənd), Abxaz, Qəbələ, Şəki, Malazqırd şəhərləri daxil idi. Əl-Müqəddəsi Azərbaycan ərazilərini birbaşa özü görmədiyinə görə əsərində yanlışlığa yol vermişdir. Məsələn Tiflisi və Abxazı Arran şəhəri adlandıran müəllif Dəbil, Xoy, Salmas, Urmiya kimi şəhərləri erməni şəhəri adlandırmışdır. “Əhsənüt-təqsim” əsərinin məlumatlarında daha bir ziddiyyətli məqam mövcuddur. Əsərdə Dəbilin erməni şəhəri olduğu göstərilsə də burada müsəlmanların yaşadığı və böyük bir məscidin var olduğu da göstərilir (el-Mukaddesi. Ahsenüt-taksim, s. 380-386).  Bilindiyi kimi Azərbaycanın şimal hissəsi xristian idi və təbii olaraq İslamı gec qəbul etdi. Azərbaycanın ən qərbində, Bizans ilə qonşuluqda yerləşən bir şəhərdə iri bir məscid varsa, bu şəhər erməni şəhəri ola bilməz. Bu fikrin doğru olduğunu fərz etsək, ermənilərin yaşadığı şəhərdə müsəlmanlar azlıq təşkil etməlidir və müsəlmanların azlıq təşkil etdiyi bir şəhərdə iri bir məscid mövcud ola bilməz. Müəllifi bəlli olmayan “Hüdudül-aləm” əsərində də Ərməniyyə, Arran və Azərbaycan fərqli vilayət kimi göstərilir və bu əsərdə də Əl-Müqəddəsinin məlumatlarına bənzər məlumatlar verilir. Əsərdə Ərdəbil, Əsna, Miyanə, Xinə, Caburqan, Təbriz, Marağa Bərzənd, Muğan, Vərtan Azərbaycan şəhərləri kimi, Dvin, Daxarraqan, Urmiya, Səlmas, Xoy, Malazgird, Qalqala, Mayafariqin, Mərənd, Mimad, Əhər, Qaban, Bərdə, Beyləqan, Bazgah, Gəncə, Xunan, Qala, Tiflis, Şəki, Mübarəki, Süqəlcabal, Sunabatman, Sanar, Qəbələ, Bərdic, Şirvan, Xirdivan, Şabran, Dərbənd və Bakı şəhərlərini Arran və Ərməniyyə şəhərləri kimi göstərsə də Ərməniyyə və Arran arasındakı sərhəd haqqında heç bir məlumata rast gəlinmir (Hudud al-Alam, s. 142-145).  Əsəri ingilis dilinə çevirən V. Minorski aidiyyəti olmasa da əsərin adının aşağısına “Fars/İran Coğrafiyası” ifadəsini daxil etməyi lazım bilmişdir. Əl-Müqəddəsidən bir əsr öncə yaşamış İbn Xordadbeh özünün “Əl-məsalik vəl-məmalik” əsərində Azərbaycan şəhərlərini daha dəqiq göstərərək Salmas və Urmiyanı Azərbaycan şəhəri kimi xatırlayır. Əsərə nəzər yetirərsək Zəncan, Marağa, Miyanə, Ərdəbil, Vərsan, Sisər, Bərzə, Saburxas, Təbriz, Mərənd, Kulüsrax, Muğan, Leşkərə, Bərzənd, Cəbzə, Cabrevan, Nəriz, Urmiya, Salmas kimi Azərbaycan şəhərlərinin adını görə bilərik (İbn Hurdazbih. Yollar ve Ülkeler Kitabı, s. 115-116). İbn Xordadbeh isə Azərbaycanın şimal şəhərləri haqqında yanlış məlumat verir. O, Tiflis, Bərdə və Əl-bab (Dərbənd) kimi şəhərləri Ərməniyyə şəhərləri kimi təsvir edir (İbn Hurdazbih. Yollar ve Ülkeler Kitabı, s. 118-119). Bu əraziləri Ərməniyyə. Arran və Azərbaycan olaraq üç yerə bölən müəlliflərdən bir də Əl-İstəxridir. O, “Məsalükül-məmalik” əsərində Ərməniyyə, Arran və Azərbaycandan tək bir bölgə kimi söhbət açır və Əl-Müqəddəsidən fərqli olaraq hansı şəhərin hansı bölgəyə (Azərbaycanmı, Arranmı yoxsa Ərməniyyəmi) aid olduğu haqqında məlumat vermir. Əl-İstəxri ümumilikdə bu üç əyalətin Ərdəbil, Marağa, Məyanic, Hünəc, Ucan, Daharrakan, Hüvəyyə, Salmas, Mərənd, Təbriz, Muğan, Vərsan, Cabrəvan, Babül-Əvbab (Dərbənd), Bərdə, Beyləqan, Bərzənc, Şamaxı, Şirvan, Abxaz, Qəbələ, Şəki, Şabran, Gəncə, Şəmkir və Hünan şəhərlərinin adını çəkir. Digər ərəb coğrafiya əsərlərində olduğu kimi, “Məsalükül-məmalik”də Dəbil şəhəri Ərməniyyənin əsas şəhəri kimi göstərilir (İstahri. Ülkelerin yolları, s. 176-178).   Əl-Yaqubi isə “Kitabül-büldən” adlı əsərində Qəzvini Azərbaycan yaxınlığındakı şəhər, Beyləqanı isə Azərbaycan şəhəri kimi təqdim etsə də Dərbənd daxil olmaqla bir çox şimaldakı şəhərlər haqqında məlumat vermir (Yakubi. Ülkeler Kitabı, s. 53). Ehtimal ki, Əl-Yaqubinin yaşadığı dövrdə ərəblər hələ Azərbaycanın şimal hissəsini bir o qədər də yaxşı tanımırdılar, ya da ki, müəllifə bu ərazilər haqqında məlumat verilməmişdir. Daha bir X əsr müəllifi İbn Havqəlin “Surətül-ərz” adlı əsərində isə məlumatlar xeyli fərqlənir. Düzdü müəllif digər coğrafiyaçılar kimi Azərbaycan, Arran və Ərməniyyəni bir əyalət kimi göstərsə də, digərlərindən fərqli olaraq şəhərlərin hansı vilayətə aid olması haqqında bir az dəqiq məlumat verir. Məsələn, digərlərindən fərqli olaraq Xoy, Salmas, Urmiya, Miyanə və s. kimi şəhərlərinin Azərbaycan şəhəri olduğunu yazır. Digər məlumatlar daha öncə vurğuladığımız məlumatlar ilə eyniyyətlilik təşkil edir (İbn Havkal. İslam Coğrafiyası, s. 293-297) . Öz səyahətnaməsində çox güman ki, Xristian dininə sitayiş etməsi səbəbi ilə Tiflisi (müəllif buranı İslamın girmədiyi şəhər adlandırır) bir erməni şəhəri kimi göstərən Əbu Düləf Ərməniyyə ilə Azərbaycan arasındakı sərhədin Van gölü olduğunu vurğulamaqdadır. O Muğan, Bakı, Ərdəbil, Bərdə, Urmiya, Salmas kimi Azərbaycan şəhərləri haqqında məlumat verir (Ebu Dülef. İran Seyahatnemesi, s. 67-72) . Diqqət çəkici məqam ondan ibarətdir ki, səyyah Kur və Araz çaylarını təsvir edərkən, bu çayların Ərməniyyə ərazisində axması haqqında məlumat vermir ki, bu da əvvəlki ərəb müəlliflərinin söylədikləri fikirlərdə qeyri-dəqiqliyin mövcud olduğunu bir daha göstərmiş olur. Əsərdə bir dəfə də İran kəlməsinin keçməməsinə rəğmən, səyahətnaməni tərcümə edən S. Gündoğdu kitaba “İran səyahətnaməsi” adını vermişdir ki, bu da reallıqla ziddiyyət təşkil edir. XIV əsr ərəb coğrafiyaçısı Əbül Fidanın “Təqvimül-buldən” əsəri də digər əsərlər kimi eyni məlumat verməkdədir və ona görə də, bu haqda təkrar-təkrar danışmamağı üstün tutduq. Lakin, əsərdə bu qarışıqlığın səbəblərinə aydınlıq gətirən müəllif bildirir ki, Arran, Azərbaycan və Ərməniyyə sərhədləri bir-birinə elə qarışmışdır ki, hansı şəhərin hansı bölgəyə aid olduğunu müəyyən etmək çətindir (Ebü`l-Fida. Coğrafiyası, s. 308).  Belə bir nəticəyə gəlmək olar ki, ərəb coğrafiyaçılarının bir şəhəri müxtəlif bölgələrə aid etməsi, Azərbaycan şəhərinin, bəzən Arran, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, Arran şəhərinin bəzən Azərbaycan, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, bu bölgələr arasındakı sərhədlərin tam aydın olmaması və bir birinə çox qarışması ilə əlaqədardır. Məhz ona görə də ərəb coğrafiyaçılar üç bölgəni bir iqlim kimi təqdim etmişlər. Azərbaycan əyaləti və ona daxil olan şəhərlər haqında ən dəqiq məlumat Həmdullah Mustoufi Qəzvininin “Nüzhətül-qülub” əsərində verilmişdir. Müəllif Azərbaycanı üç vilayətə bölür. Mərkəz Azərbaycan, Muğan və Arran. Azərbaycanın ən böyük şəhəri kimi Təbriz göstərilir (The geographical part of the Nuzhat al-Qulub, s. 78-101).  Əsərin iki tərcüməsində çoxlu sayda xətalar mövcuddur.

Ərəb dilli tarixçilərinin əsərlərini nəzərdən keçirdikdə tamamilə digər fərqli bir coğrafi mənzərəni müşahidə etmək mümkündür. Bu tarixçilər mövcud ərazini Ərməniyyə, Arran və Azərbaycan olmaqla üç yerə deyil, Ərməniyyə və Azərbaycan olmaqla iki yerə bölürlər. Əl-Bələzuri “Fütuhül-büldən”  əsərində yazır ki, Ömər bin Xəttab, əl-Hörmüzan ilə məsləhətləşərək ondan soruşdu ki, “İsfahanımı birinci fəth edək, yoxsa Azərbaycanımı?”. O da cavab verdi ki, “İsfahan başdırsa, Azərbaycan qanaddır” (Ahmed bin Yahya el-Balazuri. Fütuhu`l-büldan, s. 344-345).  Həmçinin Azərbaycanın fəthi haqqında məlumat verən müəllif Bərdə, Beyləqan, Muğan, Cilan, Şabran kimi şəhərlərin adını çəkir və Azərbaycanın mərkəzi şəhərinin Ərdəbil olduğunu vurğulayır (Ahmed bin Yahya el-Balazuri. Fütuhu`l-büldan, s. 372-373).   Əsərdə Azərbaycanın fəthi ilə bağlı məlumat verilərkən Arran adı çəkilmir və ərəb dilli coğrafiyaçılarının Arran şəhərləri kimi göstərdiyi şəhərlər Azərbaycana adi edilir. Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri özünün “Tarixi-Təbəri” əsərində Azərbaycan haqqında daha dəqiq məlumat verir: “Əcəmin Atəşgahları orda (Azərbaycanda) idi. Pəhləvi dilində atəşə “ezer” deyirlər. Ona görə əcəm xalqı bura Azərbaycan adını vermişlər. Ən böyük atəş məbədi ordadır. (Ərazisi) Həmədan tərəflərdən başlayıb, Zəncan və Əhərdən davam edib, ta Dərbəndi-Xəzərə qədər uzanır. ... Ərəbcədə ora (Dərbəndə) əl-Bab deyirlər.” (Taberi. Tarih-i Taberi, c. 3,  s. 489)  Hz. Səmak Bəkirin Xəlifə Hz. Ömər bin Xəttaba yazdığı məktub da diqqətdən kənarda qalmamalıdır. “İsfəndiyarı məhbus etdim. (Hələlik) Azərbaycanda müharibə aparmıram. Dərbəndə çatında orda dərbəndlilərlə savaşıb oranı fəth edəcəm” (Taberi. Tarih-i Taberi, c. 3, s. 490).  Tarixçi aydın formada Azərbaycanın şimal sərhədinin Dərbənd olduğunu göstərmişdir. İbn Kəsr “Əl-bidəyə vən-nihayə” adlı əsərindı Azərbaycan haqqında məlumat verərkən yazır: ”Bu ildə (H.89) Küteybə bin Müslim Türk bölgələrinə hərəkət etdi. Azərbaycan tərəflərdəki Babül-Əbvab şəhərinə çatdı. Çoxlu sayda qala və şəhərləri fəth etdi” (İbn Kesir. Böyük İslam Tarihi, c. 9, s. 130). İbn Kəsr həmçinin rusların Azərbaycan qarətli yürüşlərindən bəhs edərkən Bərdə şəhərinin buranın əsas şəhərlərindən biri olduğunu yazır (İbn Kesir. Böyük İslam Tarihi, c. 11. S. 360).   Görkəmli İslam tarixçisi İbnül-Əsirin “Əl-kamil fit-tarix” əsərində də bu fakt bir daha öz təsdiqini tapmışdır.  Daha bir böyük İslam tarixçisi İmam Zəhəbi “Tarixül-İslam” adlı əsərində sözü gedən coğrafiyanın tarixi haqqında məlumat verərkən sadəcə Ərməniyyə və Azərbaycanın adını çəkir. Həmçinin, müəllif “Azərbaycan xalqı” ifadəsini işlədərək, onları farslardan ayırır (3.    İmam Zehebi. Tarihü`l İslam, c.4, s. 484).  

Azərbaycan ərazisində yaşayan xalqların hansı dildə danışması haqqında da müxtəlif və ziddiyyətli məlumatlar mövcuddur. Əl-Müqəddəsi məlumat verir ki, “Rəhab” adlanan ərazidə daha çox ərəbcə və farsca danışırlar, lakin, Ərməniyyədə ermənicə, Arranda arran dilində danışırlar. Onların dilləri farscaya, əsasən də Xorasanda yaşayan insanların danışdığı farscaya yaxındır (el-Mukaddesi. Ahsenüt-taksim, s. 392).  Eyni məlumata Əl-İstəxrinin əsərində də rast gəlinir. Sadəcə olaraq əlavə məlumat verir ki, bu dillərdən başqa dağlıq bölgədə müxtəlif dillərdə danışan tayfalar yaşayır (İstahri. Ülkelerin yolları, s. 181).  Bu fikir İbn Havqəlin əsərində də mövcuddur. Lakin, müəllif Ərməniyyədə və Arranda ərəb dilində danışıldığı haqqında məlumat verir (İbn Havkal. İslam Coğrafiyası, s. 307).  Bu ziddiyyətli məlumatlar ərəb müəlliflərinin Azərbaycanda yaşayan insanların dilləri haqqında məlumatların yetərsiz olması fikrinin yaranmasına səbəb olur. İlk öncə qeyd edək ki, Azərbaycanda, həmçinin Arranda ərəb dili yerli əhali arasında heç bir zaman danışıq dili kimi istifadə olunmayıb. Elədirsə Arran dili hansı mənşəli bir dil idi. Əgər bu dil Qafqaz mənşəli bir dil olsaydı, müəlliflər bunu ayrıca vurğulamaz, dağlıq bölgədə yaşayan xalqların dillərindən biri hesab edərdilər. Əgər bu fars dilinin bir ləhcəsi olsaydı, müəlliflər mütləq bunu xüsusi vurğulayar, arran dilini ayrıca göstərməzdilər. Əl-Müqəddəsi qeyd etdiyi kimi bu dil Xorasanda yaşayan insanların farscasına uyğundur. Xorasan və Arran atasındakı kilometrlərlə məsafəni nəzərə alsaq bu iki region arasındakı dil fərqi olmamalıdır. Əksinə müəlliflərin təbiri ilə desək Arran farscası İsfahan və ya Şiraz farscasına daha çox bənzəməli idi, nəinki, uzaq Xorasan farscasına. Oda məlumdur ki, Xorasanda Qaşqay Türkləri yaşayır və bu Türklərin dili Aranda yaşayan Türklərin dilidir. Sadəcə olaraq müəllif qeyri-dəqiq məlumat əsasında Xorasanda yaşayan Türklərin varlığından xəbərsiz olduğuna görə bu dili farsca kimi qiymətləndirmişdir. Azərbaycanda və Arranda Türklərin mövcud olması haqqında görkəmli tarixçi Ət-Təbəri yazır: “Və həmin il (H. 89) Məsləmə bin Əbdülməlik Azərbaycan bölgəsində Türk qəzasına (məntəqəsinə) çatdı. Ta Dərbəndə qədər irəlilədi. Bir çox qala və şəhər ələ keçirdi.” (Taberi. Tarih-i Taberi, C.4. s. 246).  Eyni faktı ərəbdilli tarixçi İbn Kəsr də təsdiqləyərək yazır: ”Hicrətin 99-cu ilin yayında Məsləmə bin Əbdülməlik səfərə çıxdı. Məsləmə bin Əbdülməlik Türk bölgələrinə səfər etdi. Nəhayət Azərbaycan tərəflərdəki Əl-Baba çatdı, orda çoxlu qala və şəhərlər fəth etdi.”  Əl-Məsudinin “Mürucüz-zəhəb” əsərində Xəzər dənizi ətrafında Türk qəbilələrini yaşadığı haqqında məlumat verir. O yazır: “...Bu dənizin müxtəlif sahillərində insanlar yaşamaqdadırlar. Bu dəniz Babül-əbvab, Xəzər, Gil, Deyləm, Cürcan, Təbəristan dənizi adı ilə də tanınır. Ətrafında müxtəlif Türk qəbilələri yaşayırlar. Bir tərəfi Xorasandan Xarəzmə birləşir.” (İbn Kesir. Böyük İslam Tarihi, c. 9. S. 137).  Bu faktlar göstərir ki, Azərbaycanda ən şimalda yerləşən Dərbənddən Xorasan şəhərinə qədər Türklər yaşayırdı. Daha öncə vurğuladığımız Xorasanda yaşayan Türklərin dili Arrandakı Türklərin dilinə bənzər olması fikrini Əl-Məsudinin fikirləri bir daha təsdiq etmiş olur. Maraqlıdır ki, İmam Zəhəbi özünün “Tarixül-İslam” əsərində, hicrətin 15-ci ilində baş vermiş (637-ci il) Cəlula savaşı haqqında məlumat verərkən azərbaycanlıları və parsları (farslar) ayrı-ayrı göstərir (İmam Zehebi. Tarihü`l İslam, s. c. 6, s. 246-247).  Əgər bu xalq tamamən farslardan ibarət olsaydı və farsca danışsaydı müəllif buradakı əhalini vahid xalq kimi göstərərdi. Zəkəriyyə Qəzvini “Əsəarül-bələd”  əsərində məlumat verir ki, Muğan, Azərbaycanda Ərdəbildən Təbrizə gedərkən yolun sağında qalan kəndləri və otlaqları olan geniş bir vilayətdir. Daha sonra müəllif əlavə edir ki, bura istidir, amma Azərbaycan soyuqdur və torpaqları münbitdir. Ona görə də, bura Türkmənlərin qışlağı idi. İndi buranı Tatarlar qışlaq edib (Şeşen R. İslam coğrafiyacılarına göre Türkler, s. 182).  Bu haqda onlarla faktlar söyləmək mümkündür. Lakin, bütün məlumatlar bir-birinə bənzədiyi üçün digər əsərlərin daxil edilməsinin zəruri olmadığı qənaətindəyik.


NƏTİCƏ

İndiyə qədər incəlmiş olduğumuz tarixi-coğrafi əsərlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan kəlməsi VI əsrdən artıq coğrafi-ərazi bildirmək üçün istifadə edilirdi. Təxmini Qəzvin və Zəncan tərəflərdən başlayıb Dərbənddə bitən Azərbaycanda kiçik xalqlarla birlikdə dominant olaraq Türklər yaşayırdılar. Orta əsrlər dövrü haqqında təsəvvür yaratmaq üçün ərəb dilli qaynaqlar nə qədər əhəmiyyətli olsa da onlarda ziddiyyətli məqamlar çoxdur. Əl-İstəxrinin bu üç bölgə arasında konkret sərhəd göstərməməsi bu fikrin yunan coğrafiyasından keçdiyi fikrinin yaranmasını göstərir. Məlumdur ki, İslamda elmi biliklərin formalaşmasında yunan elmi-fəlsəfi düşüncəsinin təsiri olmuşdur (Sharif M. M. Greek thought in İslam, s. 75-85).  Ərməniyyə coğrafi adı IX-XI əsrdə heç bir məna kəsb etməsə də ərəb dilli coğrafiyaçılar da Avropalı səyyahlar kimi insanlarda müvafiq təsəvvür yaratmaq üçün yunan coğrafiyasında istifadə olunmuş “Armeniya” ifadəsini işlətmişlər. Heç şübhəsiz ki, Arran adı da yunan qaynaqlarında tez-tez adı çəkilən “Alban adının şəkil dəyişmiş formasıdır.  Əl-İstəxri fars haqqında məlumat verərkən onları bir etnik qrup kimi göstərir. Lakin, müəllif öz əsərində erməni xalqının çoxunun Xristianlardan ibarət olduğunu yazır (İstahri. Ülkelerin yolları., s. 179).   Bu az öncə söyləmiş olduğumuz fikri bir daha təsdiqləyir. Ərməniyyə adlandırdığımız ərazi Ermənistan deyil, sadəcə yunan coğrafiyaçılarının verdiyi bir ərazi adıdır və burda bizim indiki dövrdə adlandırdığımız ermənilər (onlar özlərini “hay” adlandırır) deyil, müxtəlif dinlərə və etnik qruplara məxsus insanlar yaşayırdı. Bu fikri İbn Havqəl də təsdiqləyir. O, yazır ki, Ərməniyyə daxili və xarici olmaqla iki hissəyə bölünür. Xarici Ərməniyyədə bir çox müsəlman şəhərləri mövcuddur (İbn Havkal. İslam Coğrafiyası, s. 303).  Onu da görmək mümkündür ki, ərəb dilli coğrafi əsərlərə nəzərən ərəbdilli tarixi əsərlər daha dəqiq məlumatlar verməkdədir. Bütün bu həqiqətlər və ilkin qaynaqlardakı məlumatlara baxmayaraq xarici tarixçilər öz əsərlərində yenə də “İran” və “Persiya” kəlmələrindən istifadə etməyi üstün tutur.  

https://www.academia.edu/51378129/Orta_%C9%99srl%C9%99r%C9%99_dair_Qaynaqlarda_Az%C9%99rbaycan_%C4%B0ran_v%C9%99_onlar%C4%B1n_%C9%99halisi 


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35