Elm Tarixi İnstitutu 44 günlük Zəfər müharibəsinin I ildönümü münasibəti ilə elmi seminar keçirib

22.09.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 27 sentyabr 2020-ci il tarixində başlamış 44 günlük Zəfər müharibəsinin ildönümünə həsr olunmuş “Qarabağ zəfərinə gedən yol” adlı onlayn elmi seminar keçirib.
Tədbirdə ETİ-nin əməkdaşları ilə yanaşı, Azərbaycan Tibb Universitetinin(ATU), Milli Azərbaycan Tarixi Muzeyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nümayəndələri və azad dinləyicilər də iştirak edib.Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli qeyd edib ki, 30 ilə yaxındır Azərbaycan işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etməyə, münaqişəni dinc yolla həll etməyə çalışsa da, Ermənistanın aqressiv siyasəti buna imkan vermirdi. ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq çərçivəsində həll edə bilmədiyini və yaxud həll etmək istəmədiyini vurğulayan İnstitut direktoru ermənilərin bu fürsətdən istifadə edərək daha yeni torpaqlar işğal etməyə çalışdığını və Azərbaycanın məcburiyyət qarşısında qalaraq hərbi yolu seçdiyini bildirib. Azərbaycanın müzəffər ordusunun bütün dünyaya öz yenilməzliyini və qəhrəmanlığını nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdiyini deyən M.Seyidbəyli 27 sentyabrdan başlayan uğurlu hərbi əməliyyatlardan sonra Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixdə sülh üçtərəfli bəyannamənin imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.
ETİ-nin Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun moderatorluğu ilə davam edən tədbirdə mövzuya həsr olunmuş müxtəlif məzmunlu məruzələr təqdim edilib.
İnstitutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “44 günlük müharibədə cəbhədə gördüklərim” mövzusunda çıxış edib. Müharibə ərzində bir sıra rayonlarda ön cəhbə xəttində olan Z.Əliyev əsgərlərimiz arasındakı böyük ruh yüksəkliyindən, Azərbaycan Ordusunun xüsusi döyüş əzmindən və fədakarlığından danışıb.
Tədbirdə iştirak edən qonaqlardan ATU-nun müəllimi, tanınmış oftalmoloq alim,  tibb üzrə elmlər doktoru Tural Qəlbinur “Azərbaycan torpaqlarının işğaldan azad olunması zamanı göz zədələnmələri” mövzusunda təqdimatla çıxış edib. Müharibə zamanı müxtəlif dərəcəli göz zədələnmələri, qəlpələrin çıxarılması, təmizlənməsi və aparılan digər ilginc cərrahiyyə əməliyyatları barədə danışan gənc alim maraqlı tibbi faktlar və bunu təsdiqləyən vizual əyani sənədlər təqdim edib.
Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru  Bayram Quliyev isə “44 günlük savaş zamanı Azərbaycanda mədəni terrorun izləri” mövzusunda slayd təqdimatda erməni vandalizmi fonunda Qarabağda baş vermiş dağıntılardan, abidələrin, şəhərlərin, insan məskənlərinin xüsusi qəddarlıqla məhv edilməsindən danışıb. 2021-ci ilin əvvəlində tarixçi mütəxəssis qismində işğaldan azad olunmuş Fuzuli-Xocavənd rayonuna baş tutmuş səfərində bölgəni yaxından müşahidə edərək qələmə aldığı qeydlərini diqqətə çatdıran alim, bu faktları göstərən müqayisəli foto və video vəsaitlər də təqdim edib.
“30 illik həsrətin zəfəri (sosial-siyasi baxış)” mövzusunda çıxış edən ETİ-nin Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski bu  müharibənin xalqımızın müqəddəs savaşına çevrildiyini, zəfərin əldə olunmasında vətənpərvərlik hissi ilə dolu ideoloji təbliğat aparan ziyalıların, alimlərin də xüsusi rolunun olduğunu bildirib. Dərs  dediyi 20-dən çox gəncin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə göstərdikləri şücaətə görə Ali Baş Komandan tərəfindən müküfatlandırıldığını bildirən E.Talışınski ölkə başçısının rəhbərliyi altında illərdir aparılan informasiya müharibəsində alimlərimizin fəaliyyətinin danılmaz olduğunu qeyd edib.
Tərcümə və informasiya şöbəsinin müdiri, Aynur Nəzərova “Dünya hərb tarixində iz qoyan dağlarda döyüş — Şuşanın azad edilməsi” mövzusunda çıxış edib. Vətən müharibəsinin tarixi haqda qısa məlumat verən A.Nəzərova qeyd edib ki, 2020-ci il 27 sentyabrda məşhur “aypara” və ya “qurd tələsi” deyilən taktika ilə hərəkətə keçən Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək uğrunda əks hüçuma keçmə xəbəri Azərbaycan xalqının bir dəmir yumruq ətrafında birləşməsinin tarixi oldu. Qələbəmizin tamamı üçün Şuşa işğaldan azad olunmalı idi və hamı bu xəbəri səbirsizliklə gözləyirdi. O, bildirib ki, vaxt gələcək kinolara çəkiləcək, ən müxtəlif səviyyələrdə araşdırılacaq, haqqında onlarla əsərlər yazılacaq Şuşa döyüşü öz orijinallığı ilə artıq dünya hərb tarixinə düşmüş əməliyyatlardan biri sayılır.
Elm tarixinin nəzəri və metodoloji şöbəsinin kiçik elmi işçisi  Solmaz Namazova isə “44 günlük savaşda prezident İlham Əliyevin uğurlu hərbi siyasəti” mövzusunda məruzəsini təqdim edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin həm də diplomatik-siyasi müstəvidə getdiyini bildirən S.Namazova Ali Baş Komandan İlham Əliyevin çox incə düşünülmüş və peşəkar strategiyası sayəsində müqəddəs müharibənin 44 gün sonra ordumuzun şanlı qələbəsi ilə başa çatmasından danışıb.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35