ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev ETI-də tibb elminin tarixi və tarixşünaslığı sahəsində aparılmış tədqiqat işlərindən danışıb

24.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “science.gov.az” saytına müsahibə verib. Tarixçi, Elm Tarixi İnstitutunun Azərbaycanda tibbin tarixinə və tarixşünaslığına həsr olunmuş tədqiqat işlərindən danışıb. Müsahibənin elmi aktuallığını nəzərə alaraq olduğu kimi təqdim edirik:

           MÜSAHİBƏ – Tarixi qaynaqlar tibbin keçmişinin mənzərəsini yenidən yaradır

“İnsan cəmiyyətinin tarixi qədər qədim olan tibb və səhiyyənin tarixinin öyrənilməsi, inkişaf səviyyəsinin müxtəlifliyinin dövrlərə uyğun formada müəyyən edilməsi, həmin dövrlərin inkişafının siyasi, sosial və iqtisadi səbəblərinin aydınlaşdırılmasında ilkin qaynaqların rolu olduqca böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan, “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası Azərbaycan elm tarixində ilklərdən hesab olunur. Müəllifləri Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli, həmin institutun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazova olan monoqrafiyada qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün məqamlarına aid qaynaqlar və tarixşünaslıq araşdırılıb.
Əsərin müəlliflərindən biri olan tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevlə müsahibəni təqdim edirik.

- Bildiyimiz kimi tibb tarixinin öyrənilməsi üçün ilkin qaynaqların əlyazmaları və arxiv materialları çox böyük önəm daşıyır. Araşdırma apararkən belə mənbələrdə əksini tapan hansı ilkin tibbi biliklərə rast gəldiniz?

- Tibb tarixinin öyrənilməsi olduqca çətin və məsuliyyətli olduğu qədər olduqca maraqlıdır. Çətindir ona görə ki, burada həm tibbi biliklərə sahib olmalısan eyni zamanda tarixi təhlil etmə bacarığı və tarixi qaynaqlarla işləmək bilikləriniz olmalıdır. Tarixçi olmayan biri tibb tarixini yaza bilməz, çünki, tarixi qaynaqlar və onları təhlil etmək bir o qədər də asan deyil. Qədim dövrlərə dair tibbi bilikləri əldə etmək xüsusilə çətindir, çünki ilkin qaynaqlar yox dərəcəsindədir. Orta əsrlər və çağdaş dönəm üçün isə məlumatlar çoxdur. Lakin onların dəqiqliyini müəyyən etmək lazımdır. İlkin qaynaqlarda məlumatlar çoxdur. Məsələn, XVIII əsrə qədər İbn Sinanın “Əl-qanun fit-tibb” əsərindən dərslik kimi istifadə olunurdu. Tövsiyəm budur ki, bütün həkimlər bu əsəri oxusunlar. Misal üçün, ilkin qaynaqlardan məlumdur ki, hələ miladdan öncə cərrahiyyə əməliyyatları aparıldı, hətta gözdə müəyyən şişlərin kəsilib götürülməsi mümkün idi. Orta əsrlərdə cərrahiyyə əməliyyatları zamanı yaranı dezinfeksiya etmək üçün dağlama (dəmiri qızdırıb yaranın yerinə basmaq) üsulundan istifadə olunurdu. Yenə də orta əsrlərdə 50-dən çox müxtəlif mənşəli dərman qrupları mövcud idi. Yaxud İslam dünyasında ilk göz akademik göz xəstəlikləri kitabı məhz Azərbaycan alimi Məhəmməd Mahmudu Şirvani tərəfindən yazılmışdır, özü də Azərbaycan dilində. Səfəvilər dövründə isə bütün İslam dünyasında farmakologiya baxımdan ən akademik əsər yenə də Azərbaycan alimi olan Mir Məhəmməd Hüseyni Mömin tərəfindən yazılmışdır. Yaxud da, böyük əczaçı-həkim, dövlət adamı, elxanlıların vəziri olan Fəzlullah Rəşidəddin Həmədani özünün “Tənsuqnamə” adlı əsərində anatomiyaya dair şəkilli biliklər yer alır. Çin tibbinin də təsiri ilə yazılmış bu əsər onu deməyə əsas verir ki, XIV əsrdə tibb nəzəri deyil artıq praktiki formada da tədris olunurdu. İslam dünyasında insanın və ya onun vücudunun bir hissəsinin rəsm edilməsinin qadağan olunduğunu göz önündə tutarsaq bu əsər inqilabi dəyişiklik idi.

-Tibbə dair kitabələrdə hansı xəstəliklərdən və təməl müalicə üsullarından bəhs olunur?

- Təbabətə dair istər kitabələrdə, istərsə də orta əsrlərə dair ilkin qaynaqlarda xəstəliklər və onların müalicə olunma üsulları haqqında yüzlərlə məlumatlar mövcuddur. Qədim dövrdə xəstəliklər üç qrupa bölünürdü: a) psixiatrik xəstəliklər – ruhi xəstəliklər aid idi. Qədim dövrdə bunu şeytan ilə bağlayırdılar; b) hepatoloji xəstəliklər – qədim zamanlarda insanın əsas orqanı qaraciyər hesab olunurdu ki, bu səbəbdən də bütün daxili xəstəlikləri qaraciyər ilə bağlantılı şəkildə təsvir edirdilər. Ona görə də uroloji və ya kardioloji bir problem bu qrupa aid edilirdi; c) ginekoloji xəstəliklər – uşaq düşməsindən başlamış, doğum zamanı problemlərə qədər bütün xəstəliklər bu qrupa daxil idi. Qəribədir ki, zədələnmələr və ya cərrahi müdaxilə gərəkdirən hallar bu xəstəlik qruplarından heç birinə aid edilmirdi.  Ruhi xəstəliklər qurbanvermə və bu kimi ayinlər icra olunaraq müalicə olurdusa digər xəstəliklər zamanı dərmanlardan istifadə olunurdu. Dərmanların əsas inqrediyentləri sodium xlorid (duz), potasium nitrat (şora və ya salitra), süd, ilan dərisi, tısbağa qabığı, kassiya, kəklikotu, söyüd, armud, əncir, küknar və sairədən ibarət idi. Bu məmulatlar bal, su, şərab və pivə ilə qarışdırılaraq məlhəmlər əldə edilirdi. Dərmanlar isə mənşəyinə görə üç qrupa bölünürdü: bitki, heyvan və mineral mənşəli. Bu bölgü orta əsrlərdə də belə olmuşdur. Lakin, orta əsrlərdə xəstəliklərin növü və bölgüsü daha da çoxalır. İbn Sina öz əsərində 800-ə qədər xəstəlik (bütün daxili orqanların xəstəlikləri), bundan başqa patoloji problemlər, cərrahi problemlər, zəhərlənmələr və sancmalar haqqında məlumat vermişdir. “Əl-qanun fit-tibb” əsərində 800-ə qədər dərman adı çəkilməkdədir.

- Azərbaycanda tibbi biliklərə dair məlumatlara hansı qaynaqlarda rast gəlinir və hansı tarixi proseslər təbabət elmimizə öz töhfələrini verib?

- Azərbaycan çox qədim tibbi ənənələrə malik ərazidir. Burada həkimə otçu deyərdilər ki, xalq təbabəti adlandırdığımız təbabət forması da Azərbaycan tibbinin əsas şaxələrindən biridir. Bununla paralel olaraq Azərbaycan tibbinə müxtəlif müsbət təsirlər olmuşdur. Azərbaycan İpək yolunun üzərində yerləşdiyi üçün xarici tibbi biliklər bu torpaqlara daha tez gəlib çatırdı. Lakin Azərbaycan tibbinə köklü olaraq təsir iki formada gerçəkləşmişdir. Bunlardan birincisi, İslamın Azərbaycanda yayılması ilə bağlıdır. Azərbaycanda İslamın yayılması ilə yerli tibbi biliklərə İslam təbabəti də təsir etdi, Azərbaycan həkimləri İslam həkimlərdən bəhrələndi və təbabət daha da inkişaf etdi. Azərbaycan təbabətinə ən önəmli təsir moğol yürüşləri ilə bağlıdır. XIII əsrdə Azərbaycana yürüş edən moğollar özləri ilə uyğur və çin tibbi ənənələrini də Azərbaycana gətirdilər ki, bu da Azərbaycan təbabətinə olduqca müsbət təsir göstərdi.
O ki qaldı, tarixi qaynaqlara, bu çox mürəkkəb bir durumdur. Çünki, qədim dövrlərə dair əlimizdə demək olar ki, yerli qaynaqlar mövcud deyil və məlumatları ya qonşu ölkələrin (məsələn Mesopotamiya, Əhəməni) qaynaqlarından əldə edirik, yaxud da orada olan tibbi prosesin prototipini təxminetmə ilə, təbii dərinləşdirib bərpa edərək Azərbaycana uyğunlaşdırırıq. Orta əsrlərə dair qaynaqlar isə kifayət qədərdir və iki qrupa bölünür. Birinci qrupa tibbi əsərlər daxildir ki, bu əsərlərlə biz ümumi və dərininə tibbi təsəvvür yarada bilirik. İkinci qrupa daxil olan əsərlər tarixi qaynaqlardır. Burada tibbi biliklər azdır. Lakin çox qiymətlidir. Məsələn, İbn Sinanın “Əl-qanun fit-tibb” əsəri tibbi təsəvvür yaratmağa imkan verirsə, Həmdullah Mustoufi Qəzvininin “Tarixi-qozide” əsərində həkimlər haqqında məlumat verilir. Birinci əsər tibbi, ikinci əsər tarixi ilkin qaynaqdır. Bir müəllifin həm tibbi, həm də qeyri-tibbi əsəri ola bilər. Məsələn, Fəzlullah Rəşidəddin Həmədaninin “Tənsuqnamə” əsəri tibbi risalədir, lakin “Vəqfnamə-yi-Rəbi-Rəşidi” əsəri tarixi qaynaqdır, lakin xəstəxanalar haqqında məlumatlar verməkdədir. Qaynaqlarla və onlardakı məlumatlarla işləmək olduqca məsuliyyətli bir işdir və bunu sadəcə professional bir tarixçi edə bilər.

- İndiki dövrdə tibb yüksək inkişaf mərhələsini yaşayır. Bu gün orta əsrlər tibb tarixinin araşdırılması, öyrənilməsi nə dərəcədə önəmlidir?

- Qədim və orta əsrlər tibbi bilikləri olmadan çağdaş tibb özülü olmayan binaya bənzəyərdi. Təsəvvür edin ki, sadəcə İbn Sina Avropada XIII əsrdən XVIII əsrə qədər 55 dəfə müxtəlif formalarda nəşr olundu və tərcümə edildi. Xüsusilə də farmakologiya elmi tamamilə orta əsr tibbi biliklərinin əsasında yaradılmışdır və indi də həmin biliklərdən istifadə olunur. Misal üçün, orta əsrlərdə istifadə olunan bir ağrıkəsici çağdaş dönəmdə ona bənzər inqrediyentlər ilə istifadə olunur. Digər elmlərdə təbabətdə keçmişdəki təcrübələrin öyrənilməsi prinsipi ilə inkişaf ənənəsi daha qabarıq şəkildə özünü göstərir. Ona görə də tibb tarixinin, onun inkişaf yollarının, əsrlər üzrə əldə olunan təcrübələrin və onların tətbiqinin öyrənilməsi zəruri olduğu qədər aktualdır.
Sonda bir məsələyə də diqqət çəkmək istərdim. Tibb tarixini yazanları Azərbaycan tibb tarixi ilə birlikdə daha çox qonşuların tibb tarixinin göstərməkdə ittiham edirlər. Bu ittiham absurddur. Çünki, yüz il sonra bu dövrün tibb tarixini yazacaq tarixçi heç şübhəsiz ki, Amerika və Avropada istehsal olunmuş tibbi aparatlardan və texnikadan yazacaq. Çünki, bu dövrdə tibbi aparatlar məhz o ölkələrdə istehsal olunur. Sizcə onu Azərbaycandan kənar bir məlumat verdiyinə görə ittiham etmək olarmı? Eləcə də orta əsrlər tarixi yazılarkən də istər-istəməz İslam təbabətindən yazmağa məcburuq. Çünki, o zaman İslam mədəniyyətinin bir parçası olaraq onun tibbi ənənələrindən də istifadə edirdik. Ona görə də tibb tarixi yazılarkən mütləq təsiredici ənənələrdən istifadə olunmalıdır.”

Müsahibəni apardı: Ruslan KƏRİMOV

https://science.gov.az/az/news/open/18417?fbclid=IwAR2nhpUR6PPUlt8VWT4yimfX-0bBfsWGZr56aVgMlMMlZtDRIamrDE3LtzE (sience.gov.az)

https://aztibb.az/az/news/12949-tarixi-qaynaqlar-tibbin-kecmisinin-menzeresini-yeniden-yaradir-musahibe?fbclid=IwAR338txtM9Y6fh0Z6qhBHtReEtc7BAR3sDmsMTPz8OW8phSrxvqiqXPTLac (aztibb.az)

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35