ETİ-nin elmi katibi, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri – Şuşa” adlı yeni kitabı nəşr olunub

03.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri - Şuşa” adlı yeni kitabı nəşr olunub.
Kitab 44 günlük müharibənin memarı Azərbaycan Ordusuna və bu mübarizədə ordunun yanında olan Azərbaycan xalqının əzminə həsr edilib.

Kitabda Şuşanın tarixi, işğala qədər olan dövrü və 2020-ci ildə azad olunması, ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı qaynaqlarla, arxiv sənədlərilə, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınaraq, oxucuların diqqətinə çatdırılıb.
Kitabda qeyd olunur ki, “Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir. O sadəcə, coğrafi baxımdan Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi şəhərdir. Məhz, bu baxımdan Şuşa şəhərinin tarixini və toponimlərini, omonim və oykonimlərini öyrənmək Azərbaycan elmində mühüm işlərdən biri hesab edilir. Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür.”
Qeyd edək ki, təqdim edilən nəşr Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada tanınmış alimlərin və diaspor üzvlərinin rəyləri də öz əksini tapıb.
Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35