Professor Məryəm Seyidbəyli ilin nəticələrinə və diasporaya mühüm töhfələrinə görə orden və medallarla təltif edilib

29.12.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli AMEA Rəyasət Heyəti tərəfindən səmərəli elmi fəaliyyətə, rəhbərlik etdiyi elmi müəssisənin yüksək göstəricilərinə, uğurlu hesabat ilinə görə fəxri fərmanla təltif olunub.
Professor, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK)  tərəfindən Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə də təltif olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı keçirilib.
Tədbirə 67 ölkədən 570 soydaşımız qatılıb. DİDK sədri dünyanın nüfuzlu dövlət xadimləri və siyasətçiləri arasında layiqli yer tutan dövlət başçısının tapşırıq və göstərişləri əsasında diaspor quruculuğu sahəsində yeni və mühüm mərhələnin başlanmasından danışıb, xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan hədəf və vəzifələrə diqqəti cəlb edib, qalib Vətənimizin adının yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diasporumuza minnətdarlıq ifadə edib.
Tədbirdə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı və təşəkkürnamələrlə təltif olunan bir qrup diaspor üzvünün adları açıqlanıb. 
Məlumat üçün bildirək ki, M.Seyidbəyli, həmçinin Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən iki ölkə arasındakı dostluq əlaqələrinin, elmi əməkdaşlığın zənginləşdirilməsindəki xidmətlərinə, uzunmüddətli diaspor fəaliyyətinə görə “Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının qızıl ordeni” mükafatı ilə də təltif olunub.

http://diaspor.gov.az/xeberler2020/x3724.php?fbclid=IwAR39vqjHzr7cRaWrQai5pSL7WV8LT8FlJtmeBeDLDNAX36znzF7_yvtShw


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35