Elm Tarixi İnstitutunun Elmi katibi, dosent Zaur Əliyev II Qarabağ müharibəsinin gedişatı ilə bağlı müsahibə verib

13.10.2020
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev II Qarabağ müharibəsinin gedişatı ilə bağlı Correct.az saytına müsahibə verib. Müsahibənin tam mətnini təqdim edirik:

Zaur Əliyev: "Ermənilər "məğlub olmuşuq" -, deyə yazılar paylaşırlar"

Uzun müddətdən sonra torpaqlarımız uğrunda müharibə gedir. Dağlıq Qarabağ müharibəsindən gözləntiləriniz nədir?

-İlk olaraq qeyd edim ki, 30 ildən sonra bu xoş günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna təşəkkür edirəm. İllərdir biz bu günü gözləyirdik. Ön cəbhədə olan zaman yerli əhali və ordumuzun zabit və əsgər heyətinin sevincini görmək olar. Bəli, biz ölkəmizin 20%-ni işğal edən terrorçu bir dövlətə qarşı Vətən müharibəsindəyik. Düşmən artıq hər tərəfdən, həm cəbhədə həm də diplomatiya sahəsində uduzmaqda davam edir. Dünənə qədər ermənilər dünyada güclüdür mifi artıq dağılıb. Biz görürük ki, onlar necə qorxaraq geri çəkilirlər, texnika və silahlarını geridə qoyaraq. Fərarilərinin sayı artmaqdadır. Xaricdəki erməni diasporunun da səsi kəsilib. Lobbisi çarəsiz qalıb. Bütün bunlar Azərbaycanın peşəkar ordusu və diplomatiyasının nəticəsidir. Biz artıq tamamilə Qarabağın azad edilməsinə inanırıq və görürük ki, biz bunu edə bilərik və edirik. Müharibə Azərbaycanın qələbəsi ilə nəticələnəcəkdir. Çünki artıq geriyə yol yoxdur.

Zaur müəllim, artıq şəhər və bir neçə kəndlərimiz işğaldan azad edilib. Sizcə, Ermənistan məğlubiyyətini qəbul edəcəkmi?

-Artıq Ermənistan və dünya erməniləri məğlubiyyəti qəbul edirlər. İşğaldan azad edilən ərazilər, kənd və şəhərlərimiz geri alındıqca ermənilər geri çəkilirlər. İnandırım sizi, erməni saytları və sosial şəbəkələrdəki qrupları, səhifələri artıq Azərbaycan qarşısında məğlub olmuşuq deyə yazılar paylaşırlar. Ermənilərin beynəlxalq qurumlara və güclü dövlətlərə yazdıqları məktubların cavablandırılmaması onların məğlub olmasını göstərir. Biz təkcə döyüş meydanında deyil, informasiya savaşında və diplomatik cəbhədə qalibik. Hər kəs buna əmin olsun.

Ard-arda qələbə xəbərləri gəlir. Ağdamda reallaşdırmaq istədəyiniz arzunuz varmı?

-Qələbə xəbərləri bizim Qarabağla bağlı arzularımızın reallaşmasını da sürətləndirir. İnanın anam evdə necə sevinir bir bilsəniz. Anamın əsli Qubadlı, atamın əsli isə Şuşadandır. Özüm Ağdamda doğulsam da inşallah torpaqlar azad edilən kimi ilk oraları ziyarət edəcəyəm. Şuşada baba ocağımızı ziyarət edib Şuşa və Ağdam məscidində dualar edəcəyəm. Ən böyük arzum Ağdamda şəhidlərimizin məzarını ziyarət edib, orada məhv edilən evimi yenidən bərpa etməkdir.


 


Qarabağın müharibə ilə azad edilməsi üçün hazırda cəmiyyətimizdə böyük ruh yüksəkliyi var. Bu ruh yüksəkliyi işğalçılara necə təsir edir?

-Azərbaycan xalqı döyüş ruhlu xalqdır. Tariximizə nəzər salsaq bunu görə bilərik. Manna, Albaniya, Atropetana dövründən Eldəgizlər dövrü, Babək inqilabı, Səfəvilər dövrü, Xanlıqlar dövrü, Cümhuriyyət dövrü və indiki dövr göstərir ki, xalqımız torpaqları uğrunda savaşa hər cürə hazırdır. Döyüşə gedənlərimiz, arxa cəbhədə qalanlarımız hamısı eyni məqsədi güdür. Qarabağ işğaldan azad edilsin və düşmən torpaqlarımızdan qovulsun.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tərəfimizdən lazımi qədər işlər görülürmü?

-Bəli, biz çətinliklə də olsa sosial media vasitəsilə ermənilərə tutarlı cavablar veririk. Bu ərəfədə iki - Qarabağla və erməni terror ilə bağlı yazım A kateroqoriyalı beynəlxalq jurnalda dərc edildi. Məqalələrimi müxtəlif dillərdə dünya parlamentlərinin üzvlərinə, siyasilərə, saytlara və beynəlxalq təşkilatlara göndərirəm. Tək mən yox hər kəs hazırda bu işlə məşğuldur və sosial mediada ermənilərə tutarlı cavablar verilir.

Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsinə münasibətiniz necədir?

-Məncə, buna gəlib çatmayacaq, Azərbaycanlıların dinc sakinlərlə işi yoxdur. Əgər hər hansı bir erməni istəsə Qarabağda öz evində qala bilər. Ali Baş Komandan da buna təminat verir. Biz silahlı ermənilərin ərazidən çıxarılmasını istəyirik. Azərbaycanda müharibə dövründə 30 min erməni yaşayıb və onlara heç kim söz deməyib. Qarabağ işğaldan azad edilən kimi də yaşamaq istəyənə heç kim söz deməyəcək. Sülhməramlıların da olması bizim üçün problem deyil, təki erməni silahlı qüvvələri Qarabağı tərk edib getsinlər.

Ermənistan bizim tarixi abidələrimizi məhv etdiyi halda Azərbaycanı kilsələri atəşə tutmaqda günahlandırır. Ermənistanın bu cür təxribatları hansı problemlərə yol aça bilər?

-Əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilmək üzrədir. Xristianlıq dövrünədək olan və xristianlıq dövrü abidələri isə erməniləşdirilir. Bu abidələrin üst yazıları dəyişdirilməklə ermənilərə məxsusluğu bəradə müxtəlif dillərdə dezinformasiya yayılır və beynəlxalq ictimaiyyətə çatdırılır.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
Dağlıq Qarabağ, eləcə də işğal altında olan rayonlarımız tarixi, mədəni abidələrlə olduqca zəngin idi. Şuşa isə tarixi abidələr şəhəri idi. Bu gün Şuşadakı həmin abidələr yerlə yeksan edilib. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evi, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsi tamamilə darmadağın edilib. Ağdamda Pənah xanın imarətini, cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət nümunələrini Ermənistana aparmışlar. Keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır. Bu kimi faktları çox demək olar, amma ermənilərin kilsə dedikləri də özlərinə aid deyil. Onlar qədim Azərbaycanın xrsitan tarixinin abidələridir.

Dünya niyə erməni vandalizminə göz yummaqda davam edir?

-Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə imkanlar yaradırdı. Ermənilər və erməni diasporunun bu yalanları nəticəsində Ermənistan işğala məruz qalan tərəf kimi təqdim olunurdu. Ermənilər illərdir özlərini”əzabkeş xristian xalqı” kimi təqdim edib. Hazırda bu düşüncəni məhv edərək ermənilərin terrorçu olduğunu sübut etmək üçün ciddi işlər görülür. Azərbaycan Milli Elmlər Akademiyasında çoxsaylı kitablar və məqalələr yazılır, beynəlxalq tədbirlərdə və görüşlərdə erməni yalanları faktlarla sübut edilir. Amma illərdir ermənilərin qurduğu informasiya sistemini birdən-birə məhv etmək də olmur. Torpaqlarımız azad ediləndən sonra dünya əsl həqiqətləri görəcək.(https://correct.az/az/article/27478)

Aygün Mustafayeva

Correct.az

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35