ETİ-nin şöbə müdiri, dosent Ziyad Əmrahovun beynəlxalq elmi jurnalda yeni məqaləsi yayımlanıb

07.05.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun “Elm tarixi” adlı beynəlxalq elmi jurnalda “İrəvan quberniyasında şəhər məktəbləri (1849-1917-ci illər)” mövzusunda yeni məqaləsi yayımlanıb.

İrəvan quberniyasında şəhər məktəbləri (1849-1917-ci illər)

(rusdilli mənbələr əsasında)

Məqalədə çar Rusiyası dövründə Azərbaycanın quberniyalarından biri olan, 1918-ci ildə dövrün siyasi şərtlərinin diktəsi ilə ərazisində Ararat (Ermənistan) adlı dövlət yaradılan İrəvan quberniyasında 1849-cu ildən 1917-ci ilədək mövcud olan şəhər məktəblərinin tarixi araşdırılır. Aparılan araşdırmalar göstərir ki, XIX əsr Azərbaycanın pedaqoji fikir, xalq maarifi və məktəb təhsili tarixinə yeni bir dövr kimi daxil oldu. Əsrin əvvəllərindən başlayaraq bu sahədə mühüm addımlar atıldı. Əsrlər boyu fəaliyyət göstərən, köhnə üsullu dini məktəblərin və mədrəsələrin yeni tipli tədris müəssisələri ilə əvəz olunması istiqamətində köklü addımlar atıldı. XIX əsrin 70-ci illərində bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycan və onun quberniyaları, o cümlədən İrəvan quberniyasında da maarif və məktəblərin inkişafı üçün nisbətən əlverişli şərait yarandı. Yerlərdə məktəb direksiyalarının təşkil edilməsi bölgədə məktəblər şəbəkəsinin genişlənməsinə, məktəblərin müəllim-kadrlarla təmin olunmasına mühüm töhfə verdi. İrəvan quberniyasının bəzi qəzalarında əvvəlki qəza məktəbləri şəhər məktəblərinə çevrildi. Bəzi qəzalarda isə qanunvericiliyin tələblərinə uyğun şəhər məktəbləri açıldı. Bütün bunlar məqalədə dövrün rusdilli qaynaqları əsasında araşdırılır, tarixi həqiqətlər, quberniya məktəbləri haqqında hazırkı erməni yalanları mənbələr əsasında təkzib olunur.

Giriş:
 
        XIX əsr Azərbaycanın pedaqoji fikir, xalq maarifi və məktəb təhsili tarixinə yeni bir dövr kimi daxil oldu. Əsrin əvvəllərindən başlayaraq bu sahədə mühüm addımlar atıldı. Əsrlər boyu fəaliyyət göstərən, köhnə üsullu dini məktəblərin və mədrəsələrin yeni tipli tədris müəssisələri ilə əvəz olunması istiqamətində köklü addımlar atıldı. Bununla bağlı ilk addımlar 1827-ci ildə Tiflisin hərbi qubernatoru Şipyaginin Cənubi Qafqazın bir sıra şəhərlərində, Nuxa (Şəki), Qazax, Şamaxı, Şuşa, Bakı, Qubada qəza məktəbləri açmaq fikrindən qaynaqlandı və tezliklə digər quberniya ərazilərində də əməli addımlar atıldı. XIX əsrin 70-ci illərində bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycan və onun quberniyaları, o cümlədən İrəvan quberniyasında da maarif və məktəblərin inkişafı üçün nisbətən əlverişli şərait yarandı. Yerlərdə məktəb direksiyalarının təşkil edilməsi bölgədə məktəblər şəbəkəsinin genişlənməsinə, məktəblərin müəllim-kadrlarla təmin olunmasına mühüm töhfə verdi. İrəvan quberniyasının bəzi qəzalarında əvvəlki qəza məktəbləri şəhər məktəblərinə çevrildi. Bəzi qəzalarda isə qanunvericiliyin tələblərinə uyğun şəhər məktəbləri açıldı.

Şəhər məktəbləri haqqında qanunvericilik bazası

İrəvan quberniyasında təhsil sisteminin inkişafında irəliyə doğru növbəti addım Qafqaz məktəblərinin yeni nizamanaməsində əksini tapdı. Qafqaz məktəblərinin yeni nizamnaməsi 1860-cı il 2 iyulda təsdiq edildi. Məktəblərin idarə olunması qubernator və vilayət rəislərinə tabe edildi. Qafqaz Tədris Dairəsi ləğv edildi.
           Yeni nizamnaməyə görə, daha üç məktəb-Bakı, Terek və İrəvan direksiyası yaradıldı. Naxçıvan qəza və Ordubad ibtidai məktəbləri İrəvan məktəblər direksiyasının tabeliyinə verildi.

Bütün Qafqazda, o cümlədən Şimali Azərbaycanda və onun quberniyalarında qəza məktəblərində tədris prosesi Rusiyada 1861-ci il 19 fevral tarixli “Təhkimçilik hüququnun ləğv olunması haqqında” əsasnamədən sonra müəyyən qədər dəyişdi. Buna səbəb isə Azərbaycan məktəblərində müəllim kadrlarının çatışmaması, maddi-texniki bazanın olmaması ucbatından bir sıra məktəblərin öz fəaliyyətini dayandırması idi. Bu baxımdan 1861-ci il 19 fevral əsasnaməsinin ardından hökumət “ictimai-pedaqoji hərəkatın güclü təsiri nəticəsində məktəb təhsilinin qeyri-mükəmməl sisteminin bütün sahələrində islahat keçirməyə məcbur oldu.”

1862-ci ildə Qafqaz canişini təyin olunmuş çar II Aleksandrın kiçik qardaşı Mixayil Nikolayev təhsil işinə əvvəlki rəhbərlik qaydasını ləğv edərək, Qafqaz təhsil müəssisələrinin yenidən mərkəzləşdirilməsini lazım bildi. Təhsil dairəsi popeçiteli (müdiri) vəzifəsini bərpa etmək üçün vəsait tapana qədər, 1864-cü ildə, hələlik, Qafqaz təhsil müəssisələrinin Baş inspektoru vəzifəsi təsis edildi.

1864-cü il iyulun 14-də isə “İbtidai xalq məktəbləri”, həmin ilin noyabrın 19-da isə “Gimnaziya və progimnaziyaların əsasnaməsi” təsdiq edildi. Beləliklə, XIX əsrin 60-cı illərinin maarif islahatları Şimali Azərbaycanın, o cümlədən İrəvan quberniyasının təhsil ocaqlarının təkmilləşməsinə, pedaqoji kadr çatışmazlığının aradan qaldırılmasına şərait yaratdı. 1855-1865-ci illərdə dövlət məktəblərinin üç əsas növü üzrə (gimnaziya, progimnaziya, qəza və ibtidai məktəblər) şagirdlərin sayı da çoxaldı.

1865-ci ilin əvvəllərində Qafqaz və Zaqafqaziya məktəb direktorlarının Tiflis şəhərində konfransı keçirildi. Konfrans Zaqafqaziya və Qafqaz məktəblərinin yenidən qurulması məsələsini müzakirə edərək, yeni nizamnamə layihəsini nəzərdən keçirdi. Layihə 1867-ci il iyunun 25-də mərkəzi hökumət tərəfindən yenə də sınaq məqsədilə üç il müddətinə təsdiq edildi. Bu, Qafqaz məktəbləri üçün təsdiq edilmiş sonuncu nizamnamə idi. Bu nizamnamənin əsas mahiyyəti bəzi yerli xüsusiyyətləri nəzərə almaqla bütün təlim işlərini imperiya siyasətinə daha da uyğunlaşdırmaqdan ibarət idi.

1867-ci il nizamnaməsi üzrə bütün təhsil müəssisələri və pansionlar genişləndi. Pansionlarda tərbiyə məqsədilə rəsm, gimnastika, sənətkarlıq, bağçılıq, bostançılıq, nəğmə, oyun və musiqi məşğələləri təşkil edildi. Bu nizamnamə üzrə ilk dəfə olaraq təhsil haqqı tətbiq edildi.

Cənubi Qafqaz məktəbləri üçün təsdiq edilmiş 1867-ci il nizamanaməsi ilə Qafqaz Tədris Dairəsi nəzdində 6 direksiya, o cümlədən Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblər direksiyası ilə İrəvan-Yelizavetpol quberniyaları xalq məktəbləri direksiyası yaradıldı. Lakin ümumi təhsil məktəbləri, o cümlədən dövlət məktəbləri İrəvan quberniyasına nisbətən Yelizavetpol quberniyasında daha çox olduğundan, bu direksiyanın inzibati mərkəzi 1877-ci ildə Gəncə şəhərinə köçürüldü.

Yeni nizamnamədən irəli gələn yeniliklər İrəvan quberniya məktəblərində də əksini tapdı. Qısa vaxtda İrəvan quberniyasının İrəvan, Naxçıvan və Ordubad qəzalarında məktəb kitabxanaları yaradıldı, rəsm, gimnastika, kənd təsərrüfatı, sənət dərsləri, latın dili məşğələləri başlandı.

Naxçıvan qəza məktəbi quberniyanın aparıcı təhsil müəssisələrindən idi. Burada rus dili, tarix, həndəsə, hesab, hüsnxətt, şəriət, rəsmxət fənləri tədris edilirdi.

Aparılan islahatlardan az sonra, 1868-ci ildən mövcud qəza məktəbləri ilə yanaşı Naxçıvan qəza məktəbi də üç əsas sinifli məktəbə çevrildi. 7-14 yaşlı uşaqların qəbul edildiyi həmin məktəbin tədris planına şəriət, ana dilindən oxu və yazı, rus dili, hesab, rəsmxət, nəğmə, gimnastika, coğrafiya, tarix və təbiətşünaslıq fənləri daxil idi.

XIX əsrin II yarısında çarizmin Cənubi Qafqazda hökmranlığı daha da möhkəmləndi və bu möhkəmlənmə maarif sisteminə də təsir etdi. Gimnaziya və progimnaziyalar üçün 30 iyul 1871-ci il, realnı məktəblər və şəhər məktəbləri üçün 15 may 1872-ci il nizamnamələri qəbul edildi.

Çar hökuməti tərəfindən 1872-ci il may ayının 31-də təsdiq edilmiş xüsusi nizamnaməyə görə şəhər məktəbləri ya dövlət hesabına, ya zemstvo, ya şəhər icması və təbəqələri, yaxud da xüsusi şəxslərin hesabına açıla bilərdi. Şəhər məktəbləri bir, iki, üç və ya dörd sinifli nəzərdə tutulurdu. Əgər zərurət olardısa, şəhər məktəbləri 5 və 6 sinifdən ibarət də təsis edilə bilərdi. Şəhər məktəblərində təhsil müddəti 6 il idi. Lakin dərəcəsindən asılı olaraq ayrı-ayrı siniflərdə təhsil müddəti müxtəlif idi. Məsələn, birsinifli şəhər məktəblərində şagirdlər öz bacarıqlarına görə 3 müvafiq şöbəyə bölünürdü. Hər şöbədə təhsil müddəti 2 il davam edirdi. İkisinifli şəhər məktəblərində isə birinci sinifdə təhsil müddəti 4 il idi. İkinci sinifdə isə təhsil müddəti 2 il idi. Üçsinifli şəhər məktəblərinin hər sinfində təhsil müddəti 2 il müəyyən edilmişdi.

Beləliklə, XIX əsrin 70-ci illərinin sonu 80-ci illərinin əvvəllərində bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycan və onun quberniyaları, o cümlədən İrəvan quberniyasında da maarif və məktəblərin inkişafı üçün nisbətən əlverişli şərait yarandı. Yerlərdə məktəb direksiyalarının təşkil edilməsi bölgədə məktəblər şəbəkəsinin genişlənməsinə, məktəblərin müəllim-kadrlarla təmin olunmasına mühüm töhfə verdi.

İrəvan quberniyasında şəhər məktəbləri

İrəvan quberniyasında ilk belə məktəblərdən biri də Aleksandropolda açıldı. “Qafqaz təqvimi”nin 1877-ci il məlumatlarına görə, üçsinifli Aleksandropol şəhər məktəbində direktor A.O.Mirakov, müəllimlər S.Q.Potapov və L.D.Qriqoraşvili idi.

Qafqaz Tədris Dairəsinin 10 mart 1879-cu il tarixli xüsusi sərəncamı ilə Naxçıvan qəza məktəbi də bir çox məktəblər kimi şəhər məktəbinə çevrildi.

Naxçıvan şəhər məktəbində maarifçi-ictimai mühitin inkişaf etdirilib genişlənməsində, mütərəqqi demokratik ideyaların yayılmasında, tədrisin elmi əsaslar üzərində qurulmasında 21 iyun 1879-cu ildə tanınmış alim-pedaqoq Konstantin Andreyeviç Nikitinin bu məktəbə müəllim-inspektor təyin olunmasının mühüm qolu oldu. Eyni zamanda K.A.Nikitinin məktəbə rəhbərlik etdiyi dövrdə və sonralar Fyodr Domaşevski, Georgi Uturqauri, Mirzə Sadıq Qulubəyov, Əliməmməd Xəlilov, S.P.Zelinski, Mirzə Kazım Qulubəyov və digər tanınmış pedaqoqlar Naxçıvan şəhər məktəbində pedaqoji fəaliyyətlə məşğul oldular.

“Qafqaz təqvimi”nin 1881-ci il məlumatına görə, Naxçıvan üçsinifli şəhər məktəbinin rəhbəri Konstantin Andreyeviç Nikitin, hüquq müəllimləri: pravaslav məzhəbi üzrə Qavriyel Qurbeladze, erməni-qriqoryan təriqəti və erməni dili müəllimi Tovmas Ter-Kaspariyanç, müsəlman təriqəti və tatar dili müəllimi Mirzə Kərim oğlu Qulubəyov idi.

Naxçıvan şəhər məktəbində müxtəlif fənlərin tədrisi prosesində tarix və coğrafiyaya aid verilən biliklər, Rusiya, Avropa və Qərb ölkələrinə dair məlumatlar, Şərq tarixi və mədəniyyəti, yerli diyarşünaslıq məsələlərinin öyrənilməsi, əxlaq məsələlərinə diqqət verilməsi bu tədris ocağının bir tərəfdən dünyəvi meyllərindən xəbər verirdisə, digər tərəfdən Azərbaycanın milli tarix və mədəniyyətinə dair elmi biliklərin aşılanmasının əsasını qoyurdu.

1879-cu ildə Naxçıvan şəhər ibtidai məktəbinin birinci sinfinə daxil olan Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə həmin məktəbdə oxuduğu illərin özünün dünyagörüşündə mühüm rol oynadığını dəfələrlə xatırlayaraq, o illərədə “II Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi”, “rus və osmanlı davası” kimi ciddi tarixi-coğrafi məlumatları öyrəndiyini, İ.A.Krılovun mühüm əxlaqi-tərbiyəvi əhəmiyyətə malik olan “Yolçu və it” təmsilini əzbərlədiyini qeyd etmişdi.

İrəvan-Yelizavetpol quberniyaları xalq məktəbləri direksiyasının inzibati mərkəzi 1877-ci ildə Gəncə şəhərinə köçürüldükdən sonra İrəvan quberniyası üzrə üçsinifli şəhər məktəbləri ilk vaxtlar yenə də Aleksandropol və Naxçıvan şəhərində, ibtidai məktəblər isə Novo-Bayazid və Ordubad şəhərləri və İrəvan qəzasında idi.

İrəvan quberniyasında tədris ocaqlarının istər say baxımından, istərsə də yeni forma və məzmun baxımından inkişafının yeni mərhələsi 1880-ci ildə başlandı.

Əvvəllər ibtidai məktəb olan Novo-Bayazid 1880-ci ildə ikisinifli şəhər məktəbinə çevrildi. Məktəbdə ilk vaxt 77 şagird təhsil alırdı. Məktəbin direktoru M.S.Zedqinidze, hüquq müəllimləri: prvaslav təriqəti üzrə (vakansiya), erməni-qriqoryan təriqəti üzrə keşiş Sarkis Azaryanç, digər müəllimlər Q.L.Kotiyev, məktəb həkimi A.A.Radionov idi.

Bundan başqa, 1880-ci ildə 60 şagirdi olan İrəvan şəhər ibtidai məktəbi açıldı. Məktəbin inspektoru S.S.Sumbatyanç, hüquq müəllimləri, pravaslav məzhəbi üzrə keşiş İssak İordanov, erməni-qriqoryan məzhəbi üzrə keşiş Q.Sukiyasyanç, müsəlman məzhəbi üzrə müəllim Ələsgər Hacı Məmmədəli oğlu idi.

“Qafqaz təqvimi”nin 1884-cü il məlumatına görə, Yelizavetpol və İrəvan quberniyaları və Qars vilayəti təhsil direksiyasının tabeliyində aşağıdakı şəhər məktəbləri, üçsinifli Aleksandropol şəhər məktəbi, üçsinifli Naxçıvan şəhər məktəbi, ikisinifli Novo-Bayazid şəhər məktəbi, üçsinifli Qars şəhər məktəbi, şəhər ibtidai məktəbləri isə birsinifli Ordubad (müəllimlər Qasım bəy Qasımov, erməni-qriqoryan məzhəbi üzrə protoirey Y.Ovanesov, müsəlman şəriəti üzrə Mirzə Əli Məmməd bəy Əlixanov), birsinifli İrəvan şəhər məktəbi (müəllimlər A.İ.Ter-Marukov, pravaslav məzhəbi üzrə İssak İordanov, erməni-qriqoryan məzhəbi üzrə Q.Sarkisyanç, müsəlman məzhəbi üzrə Məşədi İsmayıl Hacı Qasım Kazım oğlu), birsinifli Oltu şəhər məktəbləri idi.

“Qafqaz təqvimi”nin 1886-cı il məlumatlarından aydın olur ki, Qars vilayəti üzrə şəhər məktəblərinin sayı çoxalmış, kişi və qadın məktəbləri də açılmışdı. Qars vilayəti üzrə şəhər məktəbləri aşağıdakılar idi: Qars üçsinifli kişi məktəbi (məktəbin inspektoru K.T.Baqayev, hüquq üzrə N.Arxangelski, yunan dili üzrə Luka Saktarov, fəxri müəllim Nazir Əfəndi Atapaşazadə), Qars üçsinifli qadın məktəbi, ikisinifli Kağızman məktəbi, ikisinifli Oltu məktəbi açılmışdı.

Məlumatlardan göründüyü kimi, 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Osmanlı imperiyasının çar Rusiyası tərəfindən ələ keçirilmiş Şərqi Anadolu vilayətləri Yelizavetpol-İrəvan quberniyaları tədris dairəsinin tərkibinə daxil edilmiş və “Yelizavetpol-İrəvan quberniyaları və Qars vilayəti tədris dairəsi” şəklində təşkil edilərək həmin bölgə üzrə əvvəlcə biri üçsinifli olmaqla Qars şəhər məktəbi, digəri isə Oltuda birsinifli olmaqla şəhər ibtidai məktəbləri, növbəti illərdə isə Qars şəhərində üçsinifli kişi və qadın məktəbləri, eləcə də Kağızman və Oltuda yeni məkətəblər açılmışdı.

1890-cı il məlumatlarına görə, İrəvan quberniyasında Tədris Dairəsinin birbaşa tabeliyində olan 35 təhsil müəssisəsi var idi ki, bunun da 4-ü orta, 3-ü aşağı, 4-ü fərdi, 24-ü ibtidai məktəblər idi. Bu məktəblərdə 1906 oğlan uşağı, 199 qız uşağı, ümumilikdə 2105 nəfər şagird təhsil alırdı. Quberniya üzrə hər 10.000 nəfərə 0.52 məktəb, hər 10.000 nəfərə təhsil alanların sayı 31 nəfər idi. 1890-cı il məlumatlarına görə, İrəvan quberniyasında ümumilikdə məktəblərin sayı (Tədris Dairəsinin həm tabeliyində olan, həm də tabeliyində olmayan) 70 idi ki, bunun da 4-ü orta, 3-ü aşağı, 4-ü fərdi, 59-u ibtidai məktəblər idi. Bu məktəblərdə 5.072 şagird təhsil alırdı ki, bunun da 3.818 nəfəri oğlan, 1.254 nəfəri qız uşaqları idi. Quberniya üzrə hər 10.000 nəfərə 1.05 məktəb, hər 10.000 nəfərə təhsil alanların sayı 76 nəfər idi.

1890-cı il məlumatlarına görə, İrəvan quberniyasında müsəlman və yəhudi məktəbləri də daxil olmaqla təhsil müəssisələrinin sayı 73 idi ki, bunun da 6-sı orta, 3-ü aşağı, 4-ü fərdi, 60-ı ibtidai məktəblər idi. Bu məktəbdə təhsil alan şagirdlərin sayı 5.518 nəfər idi ki, bunun da 4.249 nəfəri oğlan, 1.269 nəfəri qız uşaqları idi. Bu halda quberniya üzrə hər 10.000 nəfərə 1.09 məktəb düşürdü, hər 10.000 nəfərdən 83 nəfəri təhsil alırdı.

1891-ci il məlumatlarına görə, İrəvan quberniyasında məktəblərin sayı 117 idi ki, bu da 5.994 nəfərə bir məktəb demək idi. Bunlar aşağıdakı məktəblər idi: İrəvan şəhərində yerləşən klassik gimnaziya; 2 qadın progimnaziyası (1-i İrəvan, digəri Aleksandropolda); İrəvan şəhərində yerləşən Müəllimlər Seminariyası; İrəvan şəhərində yerləşən erməni-qriqoryan ruhani seminariyası; Eçmiədzin monastrının nəzdində Vaqarşapat kəndində yerləşən erməni-qriqoryan ruhani akademiyası; 8 dövlət adi məktəbi (quberniyanın hər şəhərində bir, İrəvan qəzasının Uluxanlı, Köyləsər kəndlərində bir, Eçmiədzin qəzasının Aştarak kəndində bir); 12 ümumi məktəb; 9 zemski məktəbi; 4 fərdi məktəb (3-ü İrəvan, 1-i Aleksandropol şəhərində); 50 kilsə-prixod məktəbi; 28 məscid məktəbi (mədrəsə) idi.

1891-ci il məlumatlarına görə, İrəvan quberniyasında olan məktəblərin qəza və şəhərlər üzrə sayı belə idi: İrəvan şəhərində 16, Aleksandropol şəhərində 9, Novo-Bayazid şəhərində 3, Naxçıvan şəhərində 11, Ordubad şəhərində 3 [12, s. 87]. Qəzalar üzrə məktəblərin sayı, İrəvan qəzasında 15, Eçmiədzin qəzasında 8, Aleksandropol qəzasında 11, Novo-Bayazid qəzasında 3, Sürməli qəzasında 4, Naxçıvan qəzasında 19, Şərur-Dərələyəz qəzasında 15 məktəb idi.

Bu təhsil müəssisələrində oxuyan şagirdlərin sayı 7.024 nəfər idi ki, bunun da 5.827 nəfəri (83%) kişi, 1.197 nəfəri qadın (17%) idi. Məktəbdə oxuyan qızların sayı 1890-cı il göstəricilərinə görə 499 nəfər, başqa sözlə, 9,4% çox idi.

İrəvan quberniyasında təhsil müəssisələri və şagirdlərin sayı 1894-cü ildə artıq 2 dəfə çoxalmışdı. 1894-cü ildə İrəvan quberniyasında 145 təhsil müəssisəsi var idi ki, bu da əvvəlki ilə nisbətən 18, başqa sözlə, 14,2% çox idi.

1894-cü il məlumatlarına görə, İrəvan quberniyasında təhsil müəssisələrinin aşağıdakı kateqoriyaları var idi: 1) İrəvan şəhərində yerləşən klassik gimnaziya; 2) İrəvan şəhərində yerləşən Müəllimlər Seminariyası; 3) İrəvan və Aleksandropol şəhərlərində yerləşən qadın progimnaziyası; 4) 1872-ci il vəziyyətinə görə 3 şəhər məktəbi (Aleksandropol və Naxçıvan şəhərlərində üçsinifli, Novo-Bayazid şəhərində ikisnifli məktəb); 5) İrəvan şəhərində yerləşən bir şəhər ibtidai məktəbi; 6) İki şəhər dövlət ibtidai məktəbi, biri İrəvan şəhərində, digəri isə Ordubad şəhərində yerləşən məktəb; 7) 3 dövlət kənd məktəbi, İrəvan qəzasının Uluxanlı, Köyləsər kənd məktəbləri, digəri Eçmiədzin qəzasının Aştarak kənd məktəbi; 8) 9 ictimai kənd məktəbi (Naxçıvan qəzasının Cəhri, Nehrəm, Şahtaxtı, Novo-Bayazid qəzasının Gözəldərə və Elenovka kənd məktəbləri, Aleksandropol qəzasının Bayandur kənd məktəbi, Sürməli qəzasının Güllücə kənd məktəbi, Şərur-Dərələyəz qəzasının Baş-Noraşen kənd məktəbi, Eçmiədzin qəzasının Xiznauze kənd məktəbi); 9) Xalq Maarif Nazirliyinin 10 kənd ictimai məktəbi (İrəvan qəzasının Kəmərli, Böyük Vedi, Dvin-Aysor və İmanşalı kənd məktəbləri, Şərur-Dərələyəz qəzasının Keşişkənd və Yengicə kənd məktəbləri, Novo-Bayazid qəzasının Basarkeçər kənd məktəbi, Sürməli qəzasının Aralıx-Başkənd məktəbi, Eçmiədzin qəzasının Kurdukulin kənd məktəbi, Naxçıvan qəzasının Qulubəydizə kənd məktəbi); 10) 3 kənd ibtidai məktəbi (Eçmiədzin qəzasının Samaqare və Çobankərə kənd məktəbləri, Novo-Bayazid qəzasının Aleksandrovka kənd məktəbi); 11) İrəvan həbsxanaları yanında bir xeyriyyə cəmiyyəti məktəbi; 12) 5-i İrəvan şəhəri, 1-i Aleksandropol şəhərində yerləşən 3-cü dərəcəli 6 fərdi təhsil müəssisəsi; 13) Eçmiədzin Monastrının nəzdində fəaliyyət göstərən, Vaqarşapat kəndində yerləşən erməni-qriqoryan ruhani akademiyası; 14) İrəvan şəhərində yerləşən erməni-qriqoryan ruhani seminariyası; 15) İrəvan qəzasının Ərzni, Eçmiədzin qəzasının Kiçik Şəhriyar kəndlərində, Aleksandropol və İrəvan şəhərlərində yerləşən 4 pravaslav kilsə-prixod məktəbləri; 16) 72 erməni-qriqoryan kilsə-prixod məktəbi; 17) 25 məscid (mədrəsə) məktəbi. Bu məktəblərdə təhsil alan şagirdlərin sayı 10.300 nəfər idi ki, bunlardan 8.311 nəfəri oğlan (80,7%), 1.989 nəfəri isə (19,3%) qızlar idi. 1893-cü illə müqayisədə oğlanlar 1.248 nəfər, yaxud 17,5%, qızlar isə 603 nəfər, yaxud 43,5% çox idi.

Aşağıdakı cədvəldən 1894-cü il üzrə İrəvan quberniyasının şəhər və qəzalarında məktəblərin, orada təhsil alanların sayını aydın şəkildə görmək olar:

Şəhərlər

Təhsil müəssisələrinin sayı

Təhsil alanların sayı

 

Cəmi

Kilsə-prixod və məscid məktəbləri daxil olmadan

Cəmi

Kilsə-prixod və məscid məktəbləri daxil olmadan

İrəvan

25

12

1.799

1.149

Aleksandropol

9

3

1.651

446

Naxçıvan

7

1

467

170

Ordubad

5

1

181

51

Novo-Bayazid

2

1

417

84

Cəmi:

48

18

4.515

1.900

Qəzalar

 

 

 

 

İrəvan

15

6

798

340

Aleksandropol

24

1

1.415

88

Novo-Bayazid

4

4

200

200

Naxçıvan

20

4

960

176

Eçmiədzin

15

6

1.174

430

Sürməli

7

2

786

106

Şərur-Dərələyəz

12

3

452

124

Cəmi;

97

26

5.785

1.464


Yuxarıdakı cədvəldən göründüyü kimi 1894-cü ildə İrəvan quberniyasında şəhərlər üzrə məktəblərin və təhsil alanların ən çox sayı İrəvan şəhərində, qəzalar üzrə isə Aleksandropol şəhərində idi.

1897-ci il məlumatlarına görə, İrəvan quberniyasında 4 şəhər məktəbi var idi. Bunlar Aleksandropol, Novo-Bayazid, Naxçıvan və Ordubad şəhərlərində idi.

XIX əsrin sonu-XX əsrin əvvəllərində İrəvan quberniyasında şəhər məktəblərinin sayı çoxalmışdı. Bunu 1902-ci ilə aid İrəvan quberniyasının “yaddaş kitabçası”nın məlumatlarından görmək olar. Məlumatlara görə, İrəvan quberniyası Təhsil Direksiyasının tabeliyində aşağıdakı şəhər məktəbləri var idi: Puşkin adına İrəvan şəhər üçsinifli şəhər məktəbi (Qeyd: 1880-ci ildə açılan İrəvan şəhər ibtidai məktəbi 1900-cü ildə yenidən qurulduqdan sonra A.S.Puşkinin adı verilmişdi). Üçsinifli şəhər məktəbində inspektor M.S.Sedqinidze, hüquq üzrə, pravaslav məzhəbi üzrə (vakansiya), erməni-qriqoryan məzhəbi üzrə Qriqori Sukiasyan, şəriət üzrə müəllim Hacı Molla Ələsgər Kərimov idi.

1910-cu il məlumatlarına görə, Puşkin şəhər məktəbinin direktoru V.N.Şustov, məktəbin inspektoru İ.İ.Avraamenko, pravaslav məzhəbi üzrə müəllim V.Qromçev, erməni-qriqoryan məzhəbi üzrə müəllim Q.Suniasyanç, müsəlman şəriəti üzrə müəllim Axund Mirzə Hüseyn Abbas Qədimov idi.

Şəhər məktəbləri sırasında üçsinifli Novo-Bayazid şəhər məktəbi, üçsinifli Naxçıvan şəhər məktəbi, üçsinifli Aleksandropol şəhər məktəbi, ikisinfli Ordubad şəhər məktəbləri də var idi.

İrəvan quberniyasının 1914-cü ilə aid “yaddaş kitabçası”nın məlumatlarına görə, İrəvan quberniyası Xalq Məktəbləri Direksiyasının tabeliyində aşağıdakı şəhər məktəbləri var idi:

İrəvan şəhər üçsinifli Puşkin məktəbi-məktəbin inspektoru Konstantin Niktiç Semyonov, hüquq üzrə aleksey Vasiliyeviç Bıçkov, erməni-qriqoryan məzhəbi üzrə Q.A.Sukiasov, şəriət üzrə müəllim Mirzə Hüseyn Axundov, digər müəllimlər Qalust Niktiç Tumanov, Q.D.Melikidze və həkim Bronislav İvanoviç Russo idi.

 Aştaraks 4 sinifli şəhər məktəbi, məktəbin inspektoru Feodor İvanoviç Petrosyanç, erməni-qriqoryan məzhəbi üzrə müəllim Raat Setrakoviç Nazaryanç idi.

Novo-Bayazid 4 sinifli şəhər məktəbi, məktəbin inspektoru A.M.Abramianç, pravaslav məzhəbi üzrə müəllim Çuçulov, erməni-qriqoryan məzhəbi üzrə müəllim T.S.Azaryanç, müsəlman şəriəti üzrə müəllim Molla Mirzə Əli Seyid Hüseyn oğlu, digər müəllimlər: P.E.Poqojev, oxumaq üzrə müəllim Kazaryanç, məktəbin həkimi isə Z.İ.Zaxarov idi.

Naxçıvan 3 sinifli şəhər məktəbi, məktəbin inspektoru İ.M.Sanakoyev, pravaslav məzhəbi üzrə Ananiya Misailov, erməni-qriqoryan məzhəbi üzrə Ş.İ.Ovsepyanç, müsəlman şəriəti üzrə müəllim Ələkbər Süleymanov, digər müəllimlər A.M.Çavçanidze, V.M.Kirilov, Nadejda Andreyevna Rıjukoviç, həkim E.Q.Şengeliya, musiqi üzrə müəllim İ.V.Qriqorov idi.

Ordubad 4 sinifli şəhər məktəbi, məktəbin inspektoru Andrey Solomoneviç Qomelauri, pravaslav məzhəbi üzrə V.P.Saxarov, erməni-qriqoryan məzhəbi üzrə T.O.Ovnaniyanç, müsəlman şəriəti üzrə müəllim Mir Kərim Mir Əbdül Əzim oğlu, digər müəllimlər Kurquzov və Aişiya idi.

Aleksandropol 3 sinifli şəhər məktəbi, məktəbin inspektoru A.A.Suxov, erməni-qriqoryan məzhəbi üzrə Q.T.Matnişyanç, digər müəllimlər İ.M.Arevşatyanç, M.A.Şatberov idi. Aleksandropol şəhərində səkkizsinifli “kommersiya məktəbi” də açılmışdı. Məktəbin direktoru L.D.Sarkisyanç, pravaslav məzhəbi üzrə müəllim P.İ.Smirnov, rus dili müəllimi A.S.İvaseviç, tarix müəllimi Vsevoloç Mixayloviç Qürbətov, alman dili müəllimi K.V.Abovyan, fransız dili müəllimi K.A.Qovard idi.

İqdır 3 sinifli şəhər məktəbi, məktəbin inspektoru Konstantin Qriqoryeviç Uturqauri, pravaslav məzhəbi üzrə A.D.Podqurski, erməni-qriqoryan məzhəbi üzrə T.M.Şavarşiyan, digər müəllimlər Q.D.Qoquadze, B.B.Qəribcanov idi.

Bundan başqa, İrəvan quberniyasında aşağıdakı ibtidai şəhər məktəbləri də var idi.

İrəvan Alekseyev məktəbi, məktəbdə erməni-qriqoryan məzhəbi üzrə müəllim M.T.Matevosyanç, şəriət üzrə müəllim Məmməd Əliyev, müəllimlər Məlik Ağamalov və Çumakov, həkim B.İ.Russo idi.

İrəvan şəhər ikisinifli rus-tatar kişi məktəbi, məktəbin müəllimləri Haşım bəy Nərimanbəyov, Yevsyukov, Məmməd Vəli Kəmərli və Vasiliyev, şəriət üzrə müəllim Axund Abdulla Qazıyev idi.

İrəvan şəhər ikisinifli qadın rus-tatar məktəbi, məktəbin fəxri sədri Yelena Georgiyevna Çeqodayeva, müavin Antonina Valerianovna Kalinina, müəllimələr Pxakadze, şəriət üzrə müəllim Mirzə Məmməd Vəli Kəmərli idi.

İrəvan şəhər ibtidai qadın məktəbi, məktəbin direktoru Nina Aleksandrovna Korqanova, məktəbin müəllimləri A.İ.Nazaryanç, Korqanova, Buniyatova, hüquq müəllimi M.S.Ter-Saakov idi.

Naxçıvan şəhər ibtidai məktəbləri: Naxçıvan şəhər ikisinifli kişi rus-tatar məktəbi, məktəbin direktoru Cəlil Məmməd oğlu Mirzəyev, müəllimlər Məmməd Hacı Fərzəli oğlu Zamanbəyov, Tatyana İvanovna Dudik, şəriət müəllimi Mirzə Həbib Mirzə Abdulla oğlu Yusifov və Ələkbər Süleymanov idi.

Naxçıvan şəhər ikisinifli qadın rus-tatar məktəbi, məktəbin fəxri direktoru Z.V.Zançenko, müəllimlər Varvara Pavlovna Bendükidze, E.Fotinovna idi.

Naxçıvan “Xeyriyyə” məktəbinin nəzdində Naxçıvan şəhər kişi rus-tatar məktəbi, məktəbin rus dili müəllimi Şumov idi.

Naxçıvan şəhər dəmiryol məktəbi, müəllimlər N.A.Merabaşvili, hüquq üzrə müəllim V.Matotov idi.

Aleksandropol şəhər məktəbləri, Aleksandropol şəhər dəmiryol məktəbi, məktəbin direktoru Z.F.Baçinskaya, hüquq üzrə M.İ.Karibov, digər müəllimlər Nataliya Vaakovna Sukiasova, Sarra Xristoforovna Abulladze, A.V.Siniçina, oxu üzrə müəllim N.İ.Stelmax idi. Bundan başqa, Aleksandropol şəhərində birsinifli kişi məktəbi, Aleksandropol şəhəri 2 sinifli kişi məktəbi, Aleksandropol şəhəri 1 sinifli qadın məktəbi və Aleksandropol şəhəri 2 sinifli qadın məktəbləri də var idi.

Nəticə:

Məlumatlardan göründüyü kimi, XIX əsrin 70-ci illərində bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycan və onun quberniyaları, o cümlədən İrəvan quberniyasında da maarif və məktəblərin inkişafı üçün nisbətən əlverişli şərait yarandı. Yerlərdə məktəb direksiyalarının təşkil edilməsi bölgədə məktəblər şəbəkəsinin genişlənməsinə, məktəblərin müəllim-kadrlarla təmin olunmasına mühüm töhfə verdi. İrəvan quberniyasının bəzi qəzalarında əvvəlki qəza məktəbləri şəhər məktəblərinə çevrildi. Bəzi qəzalarda isə qanunvericiliyin tələblərinə uyğun şəhər məktəbləri açıldı.

İrəvan quberniyasında XIX əsrin 70-ci illərində yaranan şəhər məktəblərinin XX əsrin əvvəllərində həm sayında, həm də məzmununda yeni dəyişikliklər baş verdi. Əvvəllər ikisinifli olan şəhər məktəbləri üçsinifli şəhər məktəblərinə, üçsinifli şəhər məktəbləri isə dördsinifli şəhər məktəblərinə çevrildi. Digər tərəfdən, XX əsrin əvvəlləri İrəvan quberniyasının təhsil sistemində yeni təzahür, qız məktəblərinin açılması ilə səciyyəvi idi. Bu məktəblər içərisində müsəlman qızları üçün açılmış rus-tatar məktəbləri də var idi. Xüsusilə İrəvan və Naxçıvan şəhərində açılmış qadın rus-tatar məktəbləri Bakıda açılan analoji məktəbə uyğun olaraq qurulmuşdu. Məktəbdə oxuyan uşaqlar tatar (Azərbaycan türk dili-Z.Ə.) dili ilə yanaşı, həm də rus dilində təhsil alırdılar.

(Məqalənin linki: https://www.scribd.com/document/506183383/Ziyad-Amrahov-CITY-SCHOOLS-IN-IRAVAN-PROVINCE-1849-1917-ON-THE-BASES-OF-RUSSIAN-LANGUAGE-SOURCES?fbclid=IwAR03F--Ujrz1uAPMEJJqy1T1vfB_OQecgNZ1fiE0yd2dFhve6ZFH3NPxkrM)

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35