Elm Tarixi Institutunun əməkdaşları VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak ediblər

07.06.2021
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli, müəssisənin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və elmi işçi Elxan Quliyev VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak ediblər.
2-5 İyun 2021-ci il tarixlərində keçirilmiş onlayn simpozium Türkiyənin Nijde Ömər Halisdəmir Universiteti, Qazaxıstanın Qazax Milli Qızlar Pedaqoji Universiteti və Azərbaycanın Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. 
Məryəm Seyidbəyli tədbirdə “Marağa Rəsədxanası ilə bağlı bəzii mövzulara yeni bir baxış” adlı məruzə ilə çıxış edib. Alim XIII əsrdə Marağa şəhərində astronomik rəsədxananın əsasının qoyulmasından danışıb. Məruzədə bildirilib ki, əsası böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusi tərəfindən qoyulan rəsədxana alimin nəhəng tarixi xidmətidir. Qeyd olunub ki, Cənubi Azərbaycan ərazisində yerləşən və dövrün nəhəng elm mərkəzinə çevrilən rəsədxana bir çox ölkələrdə astronomiyanın inkişafına böyük təsir göstərib. Marağa rəsədxanasının sahib olduğu elmi potensialla, peşəkar astronomiya cihazları və zəngin kitabxanası ilə XIII əsrdə bütün dünyada ən nəhəng elmi mərkəz olduğunu bildirən M.Seyidbəyli,  onun həm də “Orta əsrlər akademiyası” statusunda olduğunu vurğulayıb.
Bayram Quliyev simpoziumda “Orxon yazılarının müxtəlif yazılı və səsli tərcümələrindəki (transkripsiyası və transliterasiyası) bəzi problemlər və onların çözümlərinə dair” adlı məruzə ilə çıxış edib. Məruzədə Orxon yazılarının XIX əsrin sonlarından bu dövrə kimi hazırlanan mətnlərində transliterasiya və transkripsiya xətaları və fərqliliklərindən bəhs olunub. Bu problemlərin yaranmasının əsas səbəbləri kimi ortaq türk əlifbasının olmamasını və Orxon abidələrinin ilk dəfə Avropada araşdırılması səbəbindən düzgün transliterasiya edilmədiyini bildirən tarixçi məruzənin sonunda müəllif olduğu düzgün transliterasiya və transkripsiya cədvəlini də təqdim edib.
İnstitutun digər əməkdaşı Elxan Quliyev isə simpozium iştirakçılarının diqqətinə “Elxani, Cəlairi, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi padşahlarının möhür yazıları” mövzusunda məruzəsini təqdim edib.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35