ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev “Türk dünyasında “Kitabi-Dədə Qorqud” adlı elmi seminarda iştirak edib

05.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə keçirilmiş “Türk dünyasında “Kitabi-Dədə Qorqud” adlı elmi seminarda iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Dədə-Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri Almara Nəbiyeva iştirakçıları “8 Noyabr – Zəfər Günü” bayramı münasibətilə təbrik edərək, əldə olunan böyük qələbənin tarixi əhəmiyyətindən, bu uğurda canlarını fəda etmiş qəhrəman oğullarımızın göstərdikləri igidliklərdən danışıb. Keçirilən seminarın əhəmiyyətindən söz açan A.Nəbiyeva bildirib ki, Türk dünyasının qəhrəmanlıq səlnaməsi olan “Kitabi-Dədə Qorqud” dastanının müasir dövrün tələbləri səviyyəsində müxtəlif istiqamətlərdən araşdırılması vacib məsələlərdən biridir.
“Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov “Kitabi-Dədə Qorqud” dastanının bütün Türk dünyasının ədəbi-mədəni abidəsi olmasından, dastanının əsas tədqiqat istiqamətlərindən danışıb, “Dədə Qorqud” elmi tədqiqat laboratoriyası ilə rəhbərlik etdiyi fond arasında əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsinin perspektivlərinə toxunub.
Tarixçi Bayram Quliyev isə laboratoriyada nəşr olunan “Dədə Qorqud dünyası” jurnalının yeni formatda və dizaynda tərtib olunması, dərginin saytının və loqosunun hazırlanması ilə bağlı təkliflərini səsləndirib.
Sonra seminarın mövzusu ətrafında çıxışlar edilib, problemlər ətrafında müzakirələr aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35