ETİ-nin şöbə müdiri Elvin Talışınski Daşkənddə beynəlxalq elmi konfransda iştirak edib

18.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 17-18 noyabr tarixində Daşkənddə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və Özbəkistan Respublikası Silahlı Qüvvələri Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsizliyin təmin edilməsinə müasir yanaşmalar: münaqişələr və onların qarşısının alınması yolları” adlı beynəlxalq elmi onlayn konfransda iştirak edib.

Konfransı giriş sözü ilə Özbəkistan Respublikasının Müdafiə Naziri açıb. Sonra ATƏT-in nümayəndəsi, Özbəkistan, Qırğızıstan, ABŞ, Kanada, İsveçrə, Türkiyə, Belarusiya, Koreya, Tacikistan, Hindistan, Çin dövlətlərini təmsil edən alimlər və hərbi rütbəlilər elmi məruzələrlə çıxış ediblər.

E.Talışınski tədbirdə “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm hissəsi kimi” mövzusunda məruzə ilə çıxış edib. Gənc alim informasiya təhlükəsizliyinə elmi yanaşmaların geniş şəkildə təhlilini verib və milli təhlükəsizlik sistemində vətəndaşın, cəmiyyətin, dövlətin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı tövsiyələri təqdim edib.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35